"Bugünkü zəfərimizin təntənəsinə gəlib çıxa bildik" - ŞƏRH EDİLDİ

"2025-ci il Azərbaycanda Prezident tərəfindən "Konstitusiya və suverenlik ili" elan edilib". Bu sözləri SİA-ya açıqlamasında Hikmət Babaoğlu deyib.

O bildirib ki, bu, əslində dövlətçiliyimizin inkişaf tarixində əldə etdiyimiz tarixi zəfərdən sonra bir növ milli hesabat dövrüdür: "Yəni Azərbaycan ərazi bütövlüyünü 2020-ci ildə bərpa etdi. Öz suveren hüquqlarını isə 2023-cü ildə həyata keçirilən lokal antiterror əməliyyatı nəticəsində bərpa etmiş oldu.

Beləliklə, hazırda tarixi mərhələdə, ərazisinin 20 faizinin işğalından sonra, ərazi bütövlüyü və suveren hüquqları bərpa olunmuş Azərbaycana gələn yolda alınmış siyasi qərarların hesabatı mərhələsindəyik. Ona görə də, Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə keçirilən bu tədbirdə məhz dövlətçilik yaddaşımızın bir sosial arxeologiyası hadisəsinə şahidlik edirik. Bu tarixi mərhələni hansı çətinliklərlə, hansı məşəqqətlərlə keçərək, bugünkü zəfərimizin təntənəsinə gəlib çıxa bildik.

Heç şübhəsiz ki, burada önə çıxan böyük dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət, onun qəbul etdiyi Konstitusiya və Konstitusiya normalarının cəmiyyətimizdə təbliğ olunması və bərqərar olması, Azərbaycan Prezidenti tərəfindən yeni çağırışlara uyğunlaşdırılaraq, məqsəd və vəzifələrin tamamilə yeni bir beynəlxalq münasibətlər sistemində reallaşdırılması məsələsi aktuallaşır. Ona görə də bu ardıcıllıq dövlətçiliyimizin inkişaf ardıcıllığıdır. Əslində Azərbaycan Prezidenti cənab İlham Əliyevin aldığı siyasi qərarların ardıcıllığıdır. Bunun analitik müqayisəli təhlilə cəlb olunması və geniş auditoriyada təqdim olunması bu gün aktualdır.

Bu baxımdan təqdim olunan “Bəsirətin Zəfəri” kitabı da məhz bu ardıcıllığı özündə ehtiva etməklə dövlətçilik tariximizin bir mərhələsinin hesabatıdır. Mən düşünürəm ki, bu həm siyasi maariflənmə baxımından, həm də qələbəmizin bir daha izah edilməsi, qələbəmizə gələn yolun işıqlandırılması baxımından olduqca aktualdır. Düşünürəm ki, bu yeni, daha obyektiv əsaslarda və daha məsuliyyətli siyasi təfəkkürün formalaşmasında sırf maariflənmə kontekstində öz töhfələrini verəcəkdir".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə