“Bizi cəzalandırmaq niyyətindən çıxış edirlər” - NAZİR

Bəzi böyük dövlətlərin digər ölkələrin, xüsusilə də müstəqil və suveren siyasət yürüdən ölkələrin daxili işlərinə qarışmaq cəhdi yeni tendensiya deyil. SİA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov yanvarın 16-da gürcüstanlı həmkarı Maka Boçorişvili ilə Bakıda keçirilən birgə mətbuat konfransında jurnalistlərin sualını cavablandırarkən deyib.

“Yeni olan isə odur ki, bu cəhdlər indiki qədər nümayişkaranə şəkildə olmayıb”, - XİN başçısı əlavə edib.

C.Bayramov bunlara səbəb olaraq qeyd edib ki, hər iki ölkənin diqtəyə uyğun siyasət yürütməməsi bunlara gətirib çıxarıb:

“Azərbaycan və Gürcüstan diqtə ilə hərəkət etmir. Müstəqil xarici siyasət yürüdür. Buna görə bizi cəzalandırmaq niyyətindən çıxış edirlər”.

Nazir qeyd edib ki, Azərbaycana qarşı qarayaxma kampaniyası COP29 kimi böyük beynəlxalq tədbir kontektində aparıldı.

"Dövlət tərəfindən keçirilən xarici siyasət xalqın maraqlarını əsas götürürsə, xarici təsirlərin heç bir effekti olmayacaq. Azərbaycan və Gürcüstan bir-birinin inkişafında maraqlıdır və sözün yaxşı mənasında biz bir-birimizdən asılıyıq", - C.Bayramov deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə