"Heydər Əliyev gələcəyin təminatçısı funksiyasını ləyaqətlə yerinə yetirməyə çalışıb" - HƏRBİ EKSPERT DANIŞDI
"1993-cü ildən ölkə səviyyəsində xüsusi istiqamət kimi, vahid prinsiplərə söykənən milli inkişaf və təhlükəsizlik siyasəti həyata keçirilməyə başladı. Azərbaycanın milli inkişaf və təhlükəsizliyinin nəzəri və praktiki məsələləri geniş ictimai-siyasi və elmi müzakirəyə çıxarıldı, onun konseptual əsasları müəyyən edildi. Həmin dövrdən etibarən bu siyasət müstəqil dövlət quruculuğu proseslərinin bütün sahələrini əhatə edərək, milli inkişafın və dövlət idarəçiliyinin əsas vasitələrindən birinə çevrildi". Bu sözləri SİA-ya açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov deyib.
O bildirib ki, Azərbaycanın milli təhlükəsizlik fəaliyyəti ilk 5-6 ildə əsasən təcili və təxirəsalınmaz işlərdən ölkədə dərin ictimai-siyasi və sosial-iqtisadi böhranın doğurduğu daxili və xarici təhdidlərin qarşısının alınmasından, vətəndaş qarşıdurmasının dayandırılmasından və ölkə miqyasında dövlət idarəçiliyinin yaradılmasından ibarət idisə, sonrakı illərdə, xüsusən, 1998-ci ildən başlayaraq dövlətin xarici və daxili təhlükəsizliyinin milli sisteminin yaradılması sahəsində ardıcıl konseptual siyasi xəttə çevrilmişdir: "Azərbaycan Respublikasının milli təhlükəsizliyinin nəzəri əsasları müstəqil dövlətimizin banisi Heydər Əliyevin 1993-2003-cü illərdəki ayrı-ayrı çıxışlarında öz əksini tapmışdır. Lakin bütövlükdə ölkənin Milli Təhlükəsizlik Konsepsiyasının ərsəyə gəlməsi və təhlükəsizlik siyasətinin tam formalaşdırması üçün Azərbaycan hökumətinə xeyli vaxt lazım olmuşdur.
Azərbaycan Respublikası bu gün öz dövlətçilik ənənələrini daha da inkişaf etdirərək etibarlı gələcəyi, əbədiyaşarlığı üçün sarsılmaz təməl yaradır. Bu sahədə üzərinə mühüm vəzifələr düşən Milli Təhlükəsizlik Nazirliyi (indiki Dövlət Təhlükəsizliyi Xidməti) Azərbaycan xalqının ən böyük nailiyyəti olan dövlət müstəqilliyinin qorunub saxlanılmasında və daha da möhkəmləndirilməsində mühüm işlər görmüşdür. Milli Təhlükəsizlik Nazirliyi (indiki Dövlət Təhlükəsizliyi Xidməti) ölkənin və xalqın təhlükəsizliyinin təmin edilməsi ilə yanaşı, müstəqil respublikamızın sələfi olan Azərbaycan Xalq Cümhuriyyətindən miras qalmış milli-mənəvi dəyərlərin qorunması, irslə varis arasındakı bağların bərpası istiqamətində də xeyli uğurlar qazanmışdır. MTN Heydər Əliyevin rəhbərliyi altında yalnız keçmişin mütərəqqi ənənələrinin və müasir dövlətimizin təhlükəsizliyinin keşiyində dayanmamış, həm də sabahın, gələcəyin təminatçısı funksiyasını ləyaqətlə yerinə yetirməyə çalışmışdır.
Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən tədbirlər nəticəsində təxribat-pozuculuq hallarına son qoyuldu. Heydər Əliyevin qeyd etdiyi kimi: "Xaricdəki və ölkə daxilindəki pozucu qüvvələr Azərbaycan Respublikasında ictimai-siyasi sabitliyi pozmaq, iqtisadi islahatların həyata keçirilməsinə və ölkəyə xarici kapitalın axınının təmin olunmasına mane olmaq məqsədi ilə digər təxribat əməllərinə, hətta ölkə başçısına qarşı terror aktlarına da əl atdılar. Həyata keçirilən məqsədyönlü və qəti tədbirlər nəticəsində bütün bu cəhdlərin qarşısı alındı". Lakin müasir dövrdə Azərbaycanda daxili təhlükəsizliyin təminatı məqsədi ilə terrorizmə qarşı mübarizə yalnız erməni terror təşkilatları və ya Ermənistan dövləti tərəfindən dəstəklənən terror təşkilatlarına qarşı mübarizə ilə məhdudlaşmır. Məhz Heydər Əliyevin apardığı siyasət nəticəsində bu gün də Azərbaycan beynəlxalq antiterror koalisiyasının üzvlərindən biri olmaqla ölkə daxilində müvafiq təşkilatların və onlarla əlaqədə şübhəli bilinən qurumların fəaliyyətinin maksimal dərəcədə nəzarət altında saxlanılmasına nail olmuşdur. Bu faktlar öz ifadəsini 2003-cü ilin mayın əvvəllərində ABŞ Dövlət Departamenti tərəfindən dərc edilmiş "2002-ci ildə dünyada terrorizmin vəziyyəti haqqında" hesabatda da tapmışdır".
Onun sözlərinə görə, bu gün Heydər Əliyevin siyasi kursunu inamla və uğurla davam etdirən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz dövlətçilik ənənələrini daha da inkişaf etdirir: "Məhz Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə mühüm təşkilati-əməli islahatların həyata keçirilməsi, zəruri hüquqi bazanın möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər planı işlənib hazırlanmışdır. "Milli təhlükəsizlik haqqında", "Kəşfiyyat və əks-kəşfiyyat haqqında", "Dövlət sirri haqqında" Azərbaycan Respublikası qanunlarının, "Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası"nın və sair qanunvericilik aktların, normativ-hüquqi sənədlərin qəbulu təhlükəsizlik orqanlarının fəaliyyət istiqamətlərinin qanunvericilik bazasının təkmilləşdirilməsinin göstəriciləridir.
Hazırda qlobal təhlükəsizlik arxitekturasının, beynəlxalq nizamın ciddi təzyiq və təsirlərə məruz qaldığı, regional əmin-amanlığa təhdidlərin artdığı bir dövrdə dövlət müstəqilliyinin, ictimai-siyasi sabitliyin qorunması və möhkəmləndirilməsi işinin daha da yüksəldilməsi təhlükəsizlik orqanlarının da fəaliyyətinin daim təkmilləşdirilməsini, müasir çağırışlara cavab verən adekvat bir xüsusi xidmətə çevrilməsini zəruri edir".
Bütün xəbərlər Facebook səhifəmizdə