“Bunlar gələcəkdə əldə olunacaq irəliləyişlərin mesajı kimi dəyərləndirilməlidir” - MÜNASİBƏT BİLDİRİLDİ

“Təəssüf ki, İran-Azərbaycan münasibətlərində müəyyən soyuqluq var idi. Xüsusilə də Tehrandakı Azərbaycan səfirliyində törədilmiş terror hadisəsi və bu zaman diplomatımızın şəhid olması, mühafizəçinin isə yaralanması heç də xoşagələn hal deyildi. Azərbaycan tərəfi də bu məsələlər ilə bağlı ədalətli istintaqın aparılması, cinayətkarların cəzalandırılması və digər tələbləri irəli sürmüşdü. Bu müddət ərzində sadalanan bir çox suallara cavablar tapıldı və Azərbaycan-İran münasibətlərindəki durğunluq aradan qaldırıldı”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

“İranda keçirilən sonuncu Prezident seçkilərindən aydın olur ki, artıq Azərbaycana qarşı münasibətlərdə kəskin dəyişikliklər var. Azərbaycanın İrandakı səfirliyinin yeni binada fəaliyyətə başlayıb və təhlükəsizliyi daha yüksək şəkildə təşkil edilib. Tehranda səfirliyin fəaliyyətini bərpa etməsi, İran-Azərbaycan münasibətlərinin müsbətə doğru irəliləməsi və regional layihələrin icra edilməsi yaxın gələcəkdə əldə olunacaq irəliləyişlərin mesajı kimi dəyərləndirilməlidir”,- deyə o əlavə edib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin İranın yeni Prezidenti ilə telefon danışığı zamanı onu ölkəmizə dəvət etməsi, eyni zamanda Ali Baş Komandanın İrana dəvət edilməsi deməyə imkan verir ki, biz 2024-cü il və sonrakı dövrdə qarşılıqlı işgüzar və rəsmi dövlət səfərlərinin şahidi olacağıq: “Bu da öz növbəsində münasibətlərimizin müsbətə doğru dəyişməsinə gətirib çıxaracaq. Ümid edirik ki, yaxın zamanda Tehranda konsulluq da öz fəaliyyətini bərpa edəcək və mərhələli şəkildə münasibətlərin müsbətə doğru dəyişməsini müşahidə edəcəyik”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə