“Bütün çətinliklərə baxmayaraq Zərifə Əliyeva xalqına xidmət etməyi bacarıb” - ŞƏRH EDİLDİ

“Zərifə Əliyeva Azərbaycan cəmiyyətinin yaddaşında yalnız bir oftolmaloq kimi deyil, eyni zamanda görkəmli ictimai xadim kimi qalıb. Bu mənada ki Zərifə xanım öz peşəsini cəmiyyətimizə həm də bir ictimai xadim kimi təqdim edib. Onun göz xəstəlikləri ilə bağlı gördüyü işlər sadəcə bir xəstəxanada aparılmış işlər deyil. Zərifə xanım bütövlükdə cəmiyyət səviyyəsində tədqiqatlar aparıb, göz xəstəliklərinin Azərbaycanda yayılma səbəbləri, onların aradan qaldırılmasını və s. kimi məsələlərlə məşğul olub. Çox müxtəlif beynəlxalq konfranslarda iştirak edərək bu istiqamətlərdə çıxışlar edib. Ona görə də akademik səviyyəsinə qədər yüksəlib. Yəni, Zərifə Əliyevanın apardığı elmi-tədqiqat işlərinin və həkimlik fəaliyyətinin ictimai tərəfləri çoxmiqyaslıdır”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Nizami Cəfərov deyib.

Onun sözlərinə görə, eyni zamanda, Zərifə xanım öz həyat yoldaşı Ümummilli lider Heydər Əliyev ilə hər zaman bir yerdə olub: “Onun apardığı mübarizələrdə iştirak edib, ona yardım edib. Bu baxımdan da Zərifə xanımın fəaliyyəti çox dəyərlidir. Ulu Öndər də ona çox yüksək qiymət verirdi. Öz işini ürəyi istədiyi kimi görmək üçün Heydər Əliyev hər zaman Zərifə xanıma şərait yaradıb.

Bir məsələni də xüsusi qeyd etməliyəm ki, Zərifə xanım bizim böyük dövlət xadimi, müəyyən dövrlərdə də haqsızlıqlara məruz qalmış Əziz Əliyevin qızı olub. Əziz Əliyev müəyyən müddət diqqətdən kənarda qalanda, təqib edildikdə, hüquqları məhdudlaşdırıldıqda bu çətinliyi bütün ailə yaşamışdı. Zərifə xanım həmin dövrlərdə bədbinliyə qapılmamış, öz fəaliyyətini davam etdirmişdi. Bütün bu yaşadıqlarına baxmayaraq Zərifə xanım öz xalqına xidmət etməyi bacarmışdı”.

Deputat əlavə edib ki, akademik Zərifə Əliyeva Azərbaycanın Prezidenti, dünya azərbaycanlılarının lideri İlham Əliyevin anası olub: “Onun yetişməsində, şəxsiyyətinin mükəmməlləşməsində Zərifə xanımın verdiyi yüksək tərbiyənin çox böyük rolu olub. Bu mənada Zərifə Əliyeva Azərbaycanın çox dəyərli şəxsiyyətlərindən biri olub. Azərbaycanda Zərifə xanımın adına abidələr ucaldılıb, müəyyən müəssisələr fəaliyyət göstərir. Hesab edirəm ki, bu da Azərbaycan xalqının Zərifə Əliyevaya verdiyi yüksək qiymətin təzahürüdür”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə