"Hələ heç vaxt qəbirə gedən ölü dirilməyib" - POLİTOLOQ ŞƏRH ETDİ

"Biz Qarabağ məsələsini 44 günlük Vətən müharibəsində və bir günlük antiterror tədbirlərində həll etdik. Ermənistanın Azərbaycan ərazisində olan separatçı rejimi məhv edildi və silahlı dəstələr rədd olub getdilər. Qarabağda olan qondarma rejimin rəhbərləri təhlükəsizlik orqanları tərəfindən həbs edilərək Bakıya gətirildilər. Vaxtilə Azərbaycanı təhdid edən, Gəncəni raket atəşinə tutacaqlarını deyən separatçılar törətdikləri cinayətlərə görə layiqli cəzalarını alacaqlar". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.

Onun sözlərinə görə, müharibə və antiterror tədbirləri dövründə separatçı rejimə rəhbərlik edən Samvel Şahramanyan Yevlaxa gələrək Azərbaycanla danışıqlar apardı: "Daha sonra öz fikirlərinə görə, ermənilərin Qarabağda qalmasını mümkün hesab etmədilər və əhaliyə bu ərazini tərk etmək lazım olduğunu bildirdilər. Bundan sonra Şahramanyan Ermənistana getməyə dəfələrlə cəhd etsə də, Paşinyan onu qəbul etmədi. Lakin hər halda bugünkü gündə də onlar gizli əlaqə saxlayırlar. Ona görə də onlar Qarabağ ermənilərini, "Artsax" məsələsini dirçəltmək istəyirlər. Amma hələ heç vaxt qəbirə gedən ölü dirilməyib".

Politoloq sözlərinə davam edərək bildirib ki, ermənilərin bu addımları əbəsdir: "Təbii ki, onların belə hərəkətləri sülh danışıqlarına ziyan vurur. Onsuzda Paşinyanın etdiyi hərəkətlərin əksəriyyəti belədir. O, heç vaxt dediyi sözlərin arxasında dayanmır. Amma Azərbaycan nə deyibsə, onu da edəcək. Biz Qarabağdan köçən erməniləri zorla qovmamışıq. Yenidən qayıdıb Qarabağda yaşamaq istəyənlər üçün şərait də yaratdıq. Amma bugünədək Qarabağdan köçüb gedən ermənilərdən hələki Azərbaycan vətəndaşlığını qəbul edib geri qayıtmaq istəyən yoxdur. Bu, onların öz işidir. Lakin İrəvanda bizə qarşı müəyyən addımların atılması və buna Qərb dövlətlərinin diplomatlarının da cəıb edilməsi onların gələcəyə planlaşdırılan təxribatlarıdır. Tam əminliklə deyə bilərəm ki, onların bu təxribatları baş tutmayacaq. Çünki Qarabağ Azərbaycandır. Biz bu gün Qarabağda qurub yaratmaqla məşğuluq. Ermənistanın bu niyyəti də öz başında çatlayacaq".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə