"Azərbaycan yeni mərhələyə yeni addımlarla irəliləyir" - ŞƏRH EDİLDİ

“Azərbaycan Prezidenti İlham Əliyevin "Akıncı"larla görüşü əslində, dövlətimizin öz təhlükəsizliyini və müdafiəsini təmin etmək üçün mümkün olanlara bir işarə, dünyaya bir mesaj idi. Ermənistan hansı formada müdafiə olunursa-olunsun, yenə də məğlub dövlətdir. Azərbaycan isə yerində saymır. Dövlətimiz öz təhlükəsizliyini təmin etmək üçün ən müasir silahlara malikdir. Hətta bu silahların böyük bir hissəsi elə Azərbaycanda istehsal olunur. Qardaş Türkiyə də bu istiqamətdə dövlətimizə hər cür yardım göstərir”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Anar İsgəndərov deyib.

Onun sözlərinə görə, Qərb nə Azərbaycanın haqqını, nə qələbəsini, nə də demokratik seçkilərini qəbul edə bilir: “Qərb dövlətləri ancaq Azərbaycana böhtan atmaqla məşğuldur. Əgər imkanı olsaydı, hələ bizi təhdid də edərdilər. Azərbaycan da Qərbin bu ədalətsiz, ikili standartlarını görərək, ordusunu ən müasir silahlarla təchiz edir”.

Deputat sözlərinə davam edərək bildirib ki, fevralın 7-də ölkəmizdə təntənəli şəkildə növbədənkənar prezident seçkiləri baş tutdu: “Dünya növbəti dəfə Azərbaycana böhtan atmağa cəhd etdi. Lakin buna gücü çatmadı. Çünki Azərbaycanda baş tutan bu seçki nümunəvi idi. Xalq öz dövlət başçısına olan inamını ifadə etmək üçün qalib Liderini yenidən Prezident seçdi. Buna görə də Qərb dövlətlərinin və “nüfuzlu təşkilatlar”ın arzuları ürəklərində qaldı. Azərbaycan yeni mərhələyə yeni addımlarla irəliləyir. Qarabağda bərpa-quruculuq işləri gecə-gündüz davam edir. 1990-cı illərdən sonra ilk dəfə olaraq Qarabağ torpaqlarında demokratik prezident seçkiləri keçirildi. Qaçqın və məcburi köçkün həyatına son qoyan soydaşlarımız bu seçkilərdə iştirak edərək dövlət başçısına olan etimadını nümayiş etdirdi. Prezident İlham Əliyev Azərbaycanı yeni uğurlara çatdırmaq üçün əlindən gələni edir. Elə akıncılarla baş tutan görüş də bunun sübutudur”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə