"Heydər Əliyev dedikdə görkəmli dövlət və siyasi xadim göz önündə canlanır" - ŞƏRH EDİLDİ

"Heydər Əliyev dedikdə ilk növbədə görkəmli dövlət və siyasi xadim göz önündə canlanır. Ulu Öndər hansı sistemdə, ideoloji şəraitdə yaşamasından və işləməsindən asılı olmayaraq daim Azərbaycanın maraqlarını üstün tutub. 1969-1982-ci illərdə Azərbaycan SSR-in rəhbəri olarkən gələcək istiqlal üçün təməllərin hazırlanmasında xüsusi rol oynayıb. 1982-1987-ci illərdə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində sovet dövlətini idarə edən şəxslərdən biri olmaqla SSRİ-nin türk, müsəlman respublikalarının sosial-iqtisadi, mədəni inkişafı üçün böyük işlər görüb. Beləliklə SSRİ-nin türk, müsəlman respublikalarının sevimli dövlət xadiminə çevrilib". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Musa Qasımlı deyib.

Onun sözlərinə görə, eyni zamanda, Heydər Əliyev müsəlman şərq xalqlarına qarşı digər dövlətlərin siyasətlərinə qarşı çıxıb: "Həmin ölkələrin rəhbərləri və xalqları Heydər Əliyevi böyük dövlət adamı, lider olaraq qəbul ediblər. Ümummilli lider Naxçıvanda fəaliyyət göstərərkən ağsaqqal deputat kimi ilk sessiya iclasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının Naxçıvanın dövlət bayrağı kimi qəbul edilməsinə nail olub və belə bir qərarın qəbul edilməsi Bakıya tövsiyə edilib. Hələ sovet dövlətinin, kommunist partiyasının, sovet sisteminin mövcud olmasına baxmayaraq Naxçıvanın adından sovet və sosialist ifadələri çıxarılıb, Ali Sovet adlandırılıb. Beləliklə Heydər Əliyevin liderliyində Naxçıvan müstəqil Azərbaycan dövlətinin təməllərinin atıldığı yerə çevrilib".

Deputat sözlərinə davam edərək bildirib ki, Azərbaycan Parlamentinin deputatı olaraq Heydər Əliyev bütün çıxışlarında Azərbaycanın müstəqilliyi yolunda çıxışlar edib, konkret təkliflər irəli sürüb: "SSRİ-nin saxlanmasına dair referendum Naxçıvanda keçirilməyib. 1993-cü ildə Azərbaycan ümumi böhrana düşəndə xalqın təkidli tələbi ilə dövlət rəhbərliyi Heydər Əliyevi hakimiyyətə dəvət edib. Ulu Öndərin iyunun 15-də Parlamentin sədri, bir müddət sonra isə Prezident seçilməsi ilə ölkə tarixində yeni bir mərhələ başlayıb. Müstəqil Azərbaycan dövləti məhv olmaq təhlükəsindən xilas olub, ölkə şimaldan və cənubdan, xaricdən dəstəklənən separatçılıqdan qurtulub, xalq astanasında dayandığı vətəndaş müharibəsindən xilas olub. Heydər Əliyev Azərbaycan dövlətini xilas edib və müasir Azərbaycan dövlətinin qurucusudur. Yaxşı haldır ki, bu gün həmin siyasət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ilk dəfə olaraq 12 dekabr Ulu Öndərin anım günü ölkəmizin bütün ərazisində, o cümlədən, Xankəndidə, Xocalıda, işğaldan azad olunmuş bütün torpaqlarımızda qeyd ediləcək. Hesab edirəm ki, həmin ərazilərdə bayrağımızın dalğalanması anım gününə ən böyük hədiyyədir".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə