"Qarabağ cənnətə çevriləcək" - DEPUTAT ŞƏRH ETDİ

"Azərbaycan öz tarixi torpaqlarını azad edən gündən bəri erməni daşnak qüvvələri tərəfindən viran edilmiş yurdumuzun bərpası ilə bağlı fasiləsiz işlər görür. Düşmən əmin idi ki, həmin torpaqlar onun deyil. Ona görə də ermənilər o torpaqlarda daşı-daş üstünə qoymaq əvəzinə hər yeri xarabalığa çevirib. Düşmən bunu ona görə edirdi ki, biz bir daha erməni faşizminin qorxusundan bu torpaqlara ayaq basmayaq. Amma Azərbaycan 30 il dünyanın ən böyük dövlətləri və nüfuzlu təşkilatları ilə mübarizə apardı. Bu illər ərzində Azərbaycan həmin dövlətləri inandırmaq istədi ki, Qarabağ Azərbaycanın tarixi torpaqlarıdır və düşmən bu ərazidən çıxmalıdır. Dünya isə əvəzində "Onsuzda o torpaqlar sizindir, amma bölgədə sülh və əmin-amanlıq olsun deyə torpağın ermənilərdə qalmasına razı olun" deyirdi. Bu yanlış düşüncə və Azərbaycan xalqını təhqir etmək idi. Nə Azərbaycan dövləti, nə də xalqımız "bu ağıllı təkliflərə" əyilmədi və öz etirazını bildirdi". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Anar İsgəndərov deyib.

Onun sözlərinə görə, nəhayət, 44 günlük müharibə ilə erməni ordusunu darmadağın edərək düşmənin havadarlarını məyus etdi: "Müharibədən 3 ildən çox bir müddət keçməsinə baxmayaraq okeanın o sahilində ABŞ, bu biri sahilində isə Fransa gah erməni gözyaşına ağlayır, gah da bizi hədələyib, təzyiq göstərir. Bu dövlətlər dərk etmirlər ki, artıq 1990-cı illərin Azərbaycanı yoxdur. Bu gün dünyada böyük nüfuza və güclü orduya sahib bir Azərbaycan var".

Deputat sözlərinə davam edərək bildirib ki, Azərbaycan əsgəri silahını yerə qoyan kimi hər bir azərbaycanlı Qarabağda olan quruculuq işləri haqqında düşünməyə başladı: "Dövlət başçısının ayrı-ayrı sərəncamları və tapşırıqları ilə bu gün Qarabağ cənnətə çevrilir.

Heç kim inanmazdı ki, Laçın bu qədər gözəldir, Kəlbəcər belə dünya şöhrətli bir ərazidir. Füzulidə, Ağdamda, Zəngilanda, Laçında aparılan quruculuq işləri onu göstərir ki, 44 günlük müharibədə Azərbaycan öz gücü hesabına torpaqlarını azad etdiyi kimi bu işləri də müstəqil şəkildə aparır. Bu yaxınlarda Azərbaycan Prezidentinin Sərəncamı ilə Xankəndidə Qarabağ universitetinin yaradılması ilə bağlı qərar verildi. Köç prosesində iştirak edən hər bir şəxs və onların övladları ali məktəbdə də oxumalıdır. Ona görə dövlət bu məsələni yerindəcə həll etmək üçün 2024-2025-ci tədris ilində Qarabağ universitetinin fəaliyyətini təşkil edəcək. Köç prosesi uğurla davam edir. Eyni zamanda, bu köçü qarşılamaq üçün Qarabağda bərpa-quruculuq işləri həyata keçirilir. Prezident İlham Əliyevin də dediyi kimi, Qarabağ cənnətə çevriləcək, 30 il ərzində qaçqın və məcburi köçkün həyatı yaşayan insanlar rahat həyat şəraiti ilə təmin olunacaq".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə