"Qaçqın və məcburi köçkünlər öz torpaqlarına daha tez qayıtmalıdır" - DEPUTAT ŞƏRH ETDİ
""Böyük Qayıdış"la bağlı görülən işlər davam edir. Builki dövlət büdcəsində bununla əlaqədar dinc quruculuq işlərinə təxminən 6 milyard vəsait ayrılıb. Əlbəttə ki, "Böyük Qayıdış" kompleks tədbirlərinin həyata keçirilməsi zəruri hesab edilir. Biz orada ölkə əhəmiyyətli aeroportlar inşa etmişik. Eyni zamanda, həmin ərazidə böyük yol infrastrukturu yaradılır və Avropanın ən böyük tunellərindən biri işə salınır. Demək olar ki, bütün işğal olunmuş şəhərlər arasında yollar yenidən çəkilir, məktəb və xəstəxanalar salınır". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Tahir Kərimli deyib.
Onun sözlərinə görə, quruculuqda Türkiyə şirkətləri də fəal iştirak edir: "Özbəkistan və Qazaxıstan da müəyyən şəkildə köməklik göstərir və biz bunu yüksək qiymətləndiririk. "Böyük Qayıdış"la bağlı hər şey Azərbaycanın öz vəsaiti hesabına həyata keçirilir. Hətta minatəmizləmə işlərində də cüzi yardımı nəzərə almasaq, Azərbaycan bu məsələləri təkbaşına həyata keçirir. Yəni, Azərbaycan buna qadirdir. Təəssüf ki, bu da inkişaf etmiş dövlətlərin, müsəlman dövlətlərinin Azərbaycana ikili münasibətinə səbəb olur. Onlar açıq-aşkar Azərbaycana qarşı etinasızlıq edir, Azərbaycandakı 30 illik dağıntıları, milyona yaxın insanın didərgin düşməsini görməzdən gəlib Ermənistanı hər cəhətdən himayə edirlər.
Deputat sözlərinə davam edərək bildirib ki, bütün bunlara baxmayaraq, dünya Azərbaycanın quruculuq işlərindən xəbər tutur: "Bu yaxınlarda erməni saytları Laçının yenidən gözəl şəkildə qurulmasını qeyd ediblər. Biz bunu təxminən 1 il ərzində həyata keçirmişik. Ermənilərin xarabalığa çevirdiyi ərazilərdə Azərbaycan kəndləri və şəhərləri yaranır. Füzuli və Laçına mindən artıq insan köçüb. Digər ərazilərə də köç prosesi davam edir. İşğaldan azad edilən ərazilərdə 2027-ci ilə kimi 160 minə yaxın vətəndaşımız yerləşdiriləcək. Bu, çox ağır və çətin prosesdir. İran İslam Respublikası bərpa işlərində iştirak etmək həvəsini göstərib. Azərbaycan bu təklifi düşünür. Proses davam edir və biz bunu daha da sürətləndirməliyik. Qaçqınlar və məcburi köçkünlər öz ərazilərinə daha tez qayıtmalıdırlar".
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB