"ABŞ Azərbaycana təzyiq göstərməyin faydasız olduğunu dərk edib" - SİYASİ ŞƏRHÇİ BİLDİRDİ

"Bəlkə də Azərbaycan-ABŞ münasibətlərində tarix boyu bu ilin oktyabr-noyabr aylarında olduğu qədər gərgin mərhələlər olmamışdı. Bu gərginliyin səbəbi sözsüz ki, ABŞ tərəfinin müəyyən açıqlamaları, xüsusilə də noyabrın 15-də keçirilən konqresdə Qarabağla bağlı qərəzli müzakirələr və bəyanatlar oldu. Ardınca ABŞ-ın Azərbaycan rəsmilərinin ölkəyə səfərinin məhdudlaşdırılması ilə bağlı müəyyən qərarları demək olar ki, bu gərginliyin kuliminasiya nöqtəsinə çevrildi. Görünür ki, ABŞ bu gərginliyin məhz onlar tərəfdən yarandığının fərqinə vardı. Bunun nəticəsində Amerika hökumətinin ümumi qərarı ilə Antoni Blinken Azərbaycan Prezidentinə zəng etdi. Bu zəng vasitəsilə ABŞ tərəfi bir çox etiraflarda bulundu. Həmin etiraflar əslində, ABŞ-Azərbaycan münasibətlərindəki bəlli gərginlikdən sonra yeni bir mərhələnin başlanğıcı oldu". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.

Onun sözlərinə görə, Amerika heç gözləmirdi ki, müstəqillik tarixində ilk dəfə olaraq Ermənistanın açıq şəkildə dəstəklənməsi və Azərbaycan əleyhinə qərəzli bəyanatların verilməsinə dövlətimiz bu cür qətiyyətli reaksiya verəcək: "ABŞ-ın qərəzli açıqlamalarından sonra Azərbaycan XİN bu cür siyasətin iki ölkə arasındakı münasibətlərə ağır zərbə vurduğunu, eləcə də ölkəmizdə onun nüfuzunun kəskin şəkildə sarsıldığını bəyan etdi. Ola bilər ki, ABŞ Azərbaycanın bu məsələni həmişəki kimi diplomatik şəkildə örtülü ritorika ilə ötüşdürəcəyini gözləyirdi. Amma Azərbaycan qəti mövqe nümayiş etdirdi, baş verən hadisələrə özünün birmənalı münasibətini bildirdi və ABŞ-ın vasitəçiliyi ilə keçiriləcək siyasi tədbirlərdən, görüşlərdən imtina etdi".

"Görünür, ABŞ bütün bunlardan lazımi nəticəni çıxardıb. Hesab edirəm ki, ABŞ bundan sonra Azərbaycana ya diplomatik dildə, ya da müəyyən qərarlarla təzyiq göstərməyin faydasız olacağını qəbul edib. Güman ki, Azərbaycan və ABŞ münasibətlərində artıq yeni bir mərhələ başlayacaq. ABŞ tərəfi öz yanlışını və bu yanlışın əsasən Ermənistanın təcavüzkar siyasətinə lüzumsuz dəstəyin verilməsindən doğduğunu dərk edib",- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə