"Azərbaycana edilən təhdidlər əks-nəticə verir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“ABŞ bu cür hərəkətləri yalnız Azərbaycana qarşı etmir. Adətən, hər hansı bir istəkləri olduqda körpüləri yandırırmış kimi davranıb maksimalist tələblər irəli sürürlər, daha sonra isə yumşaldıcı mövqedən çıxış etməyə başlayırlar. ABŞ davranışlarının necəliyindən asılı olmayaraq istəyinə çata bilməyəcək. Azərbaycan Qarabağı özbaşına tərk etmiş haylardan Qərbdəki bəzi qüvvələrin geosiyasi alət kimi faydalanaraq öz məkrli siyasətlərini həyata keçirməyinə imkan verməyəcək”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Sahib Alıyev deyib.

Deputat xatırladıb ki, ABŞ rəsmisi ilə telefon zəngindən sonra Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə “Qarabağ” universitetinin açılması ilə bağlı sərəncam imzaladı: “Bu, onu göstərir ki, kimin nə istədiyindən asılı olmayaraq proseslər beynəlxalq hüquqa uyğun olaraq Azərbaycanın istədiyi yöndə irəliləyəcək. Qarabağ azərbaycan torpağıdır. Azərbaycan dövləti konstitusiyaya və qanuna uyğun olaraq öz torpaqlarında istədiyi addımı ata bilər”.

S.Alıyev ABŞ-ın geri addım atmasına gəldikdə isə qeyd edib ki, o, bu gərginlikdən ABŞ heç nə əldə etməyəcəkdi: “Əgər ABŞ-ın məqsədi regionda möhkəmlənməkdirsə, o, buna hədə-qorxu yolu ilə nail ola bilməz. ABŞ dəfələrlə şahidi olub ki, Azərbaycana edilən təhdidlər əks-nəticə verir. Onlar açıq-aşkar görürlər ki, xalq və hakimiyyət birliyi Azərbaycanda olduqca möhkəmdir. ABŞ-ın bu cür hərəkətləri onların təsir agentlərini Azərbaycan xalqının gözündə, hətta olduqları səviyyədən də aşağı salır.

Konqresdə dinləmələr zamanı Ceyms Obrayn bildirmişdi ki, ölkəsinin Azərbaycanla əlaqələri daha həmişəki kimi olmayacaq. Blinkenin telefon zəngi və etdiyi xahiş isə rəsmi Vaşinqtonun elə də yüksək səviyyəli olmayan rəsmisinin dediklərinə rəğmən, məhz əlaqələrin həmişəki kimi qalması istəyindən irəli gəlir”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə