"YAP Azərbaycanın dövlətçilik tarixinin siyasi avtobioqrafiyasıdır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Yeni Azərbaycan Partiyası böyük dövlət xadimi Ulu Öndərin qurucusu olduğu bir partiyadır. Yarandığı gündən Yeni Azərbaycan Partiyası dövlətimizin siyasi sistemində təyinedici rol oynayıb. YAP keçirilən bütün seçkilərdə xalqın dəstəyini bacarıb və "Qalibiyyətlər partiyası" adını qazanıb. YAP nadir partiyalardandır ki, onun siyasi fəaliyyəti əslində, Azərbaycanın müstəqil dövlətçilik tarixinin siyasi avtobioqrafiyasıdır. Çünki 1993-cü ildən hakimiyyətə gəlməsi ilə Azərbaycan dövlətçilik tarixində yeni bir era başlandı. Bu era qüdrətli, inkişaf edən və güclü Azərbaycanın təməlini qoydu". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, əlbəttə ki, YAP tarixində 2003-cü ildə keçirilən prezident seçkilərindən sonra yeni bir mərhələ başladı: "2004-cü ildən artıq Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə yeni keyfiyyət mərhələsinə qədəm qoyan bu partiya keçirilən bütün seçkilərdə qalibiyyət əzmini müvəffəqiyyətlə yerinə yetirməyi bacardı. Nəhayət, Azərbaycanın 2020-ci ildə əldə etdiyi tarixi zəfər hər nə qədər müstəqil dövlətimizin adı ilə bağlı olsa da, bir o qədər YAP-ın siyasi fəaliyyəti ilə əlaqələndirilməlidir".

Deputat sözlərinə davam edərək bildirib ki, Azərbaycanın siyasi sisteminin motivasiya edilməsində, milli həmrəyliyimizin təmin olunmasında, xalqın dövlət başçısı ətrafında sıx birləşməsində şübhəsiz ki, Yeni Azərbaycan Partiyası mühüm rol oynayıb: "Bu gün qeyd etdiyimiz bu tarixi təntənə onu göstərir ki, YAP bundan sonrakı dövrlərdə də Azərbaycanın siyasi sisteminin ən aparıcı faktorlarından biri olmaqla daha böyük qələbələrə imza atmaq qüdrətindədir".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə