"Ermənilər informasiya savaşında da məğlub olacaq" - QURUM RƏSMİSİ MÜNASİBƏT BİLDİRDİ

"İnformasiya savaşı müstəvisində son dövrlərdə erməni şəbəkəsinin kifayət qədər aqressivləşməsini müşahidə edirik. Onlar sözləri keçən, əlləri çatan bütün KİV redaksiyalarında Azərbaycan əleyhinə qarayaxma kampaniyası aparmaq üçün təşəbbüs göstərirlər. Təəssüflə qeyd etmək lazımdır ki, bu kampaniya yalnız Ermənistan mediasında deyil, bəzi transmilli KİV-lər tərəfindən də dəstəklənir. Artıq üç aya yaxındır ki, biz bu cür aqressiv və amansız savaşın aparıldığının şahidi oluruq. Məsələn, "Vaşinqton Post" qəzeti altı gün ərzində Azərbaycana qarşı üç məqalə dərc edib. BBC, eyni zamanda Fransanın F24 və digər kanallarının da bu cür kampaniyada aktiv iştirakını görürük. Proseslərin təhlili göstərir ki, bütün bu kampaniyaların kökündə bütövlükdə erməni şəbəkəsi dayanır”. Bu sözləri SİA-ya açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurası İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli deyib.

“Bundan öncəki açıqlamalarımızda transmilli KİV-lərdə həmin məqalələri yazan müəlliflərin erməni şəbəkəsi ilə yaxın əlaqədə olduqlarını, xüsusilə Rubin Vardanyan Fondundan mükafat aldıqlarını faktlarla isbat etmişdik. Bu faktlar deməyə əsas verir ki, hazırda davam edən kampaniyanın kökündə Ermənistan şəbəkəsinə yaxın olan və onlardan hədiyyələr qəbul edən transmilli KİV-lər yaxud jurnalistlər dururlar. Ermənistan şəbəkəsinin informasiya müstəvisində bu cür aqressivləşməsi "başadüşüləndir". Çünki onlar 2020-ci ildə II Qarabağ müharibəsində açıq döyüşdə məğlub olmuşdular və sonradan öz işğalçı mübarizələrini diplomatiya və informasiya platformalarında apardılar. Son dövrlərdə isə onlar diplomatiya müstəvisində də məğlub oldular. Bəllidir ki, ermənilər nə beynəlxalq cinayət məhkəməsində, nə də BMT TŞ müstəvisində Azərbaycan əleyhinə keçirilən müzakirələrdə heç bir nəticə əldə etmədilər. Bu, Qarabağ savaşından sonra növbəti böyük məğlubiyyəti idi”,- deyə o əlavə edib.

Qurum rəsmisi sözlərinə davam edərək bildirib ki, ermənilər indi də döyüş və diplomatiya sahəsində çıxardıqları bu oyunları informasiya müstəvisində göstərirlər. Onlar bütün güclərini informasiya savaşına həsr edərək Azərbaycanı dünya ictimaiyyətinin gözündən salmağa çalışırlar. Azərbaycan tərəfi də bu məsələdə kifayət qədər aktivdir. Hesab edirəm ki, öz həssaslığımızı bir qədər də artırmalıyıq. Bu, yalnız dövlətin yox, ümumilikdə xalqın, diasporanın, jurnalistikanın işidir. Qeyd edim ki, onların cavabı layiqli şəkildə verilir. Məsələn, iki gün öncə Azərbaycan Mətbuat Şurası BBC telekanalına qarşı etiraz bəyanatı ilə çıxış etdi. Biz artıq bu bəyanatın nəticələrini görürük. BBC administrasiyası tərəfindən dərhal verilən reaksiyanın da şahidi olduq. Onlar Azərbaycanla bağlı obyektiv materiallar ortaya qoyacağını vəd edirlər. Düşünürəm ki, informasiya savaşı müstəvisində də Azərbaycan xalqı və mediası öz sözünü deyə biləcək. Nəhayət, Ermənistanın bu təxribatının da qarşısı alınacaqdır".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə