"Ermənistan məğlubiyyətini ört-basdır etmək üçün təxribata əl atır" - SİYASİ ŞƏRHÇİ MÜNASİBƏT BİLDİRDİ

"Azərbaycanın Livan Respublikasındakı səfirliyi qarşısında törədilən vəhşilik aktının özü də Ermənistanın dövlətimizə qarşı təcavüzünün müxtəlif formalarda hələ də davam etdiyini göstərən bir faktdır. Erməni lobbisi və diasporunun hələ də belə təcavüzkar addımlara əl atması hazırda gedən proseslərdə Ermənistanın addımbaşı məğlub olduğunu göstərir. Bəllidir ki, Azərbaycan Ermənistanla münasibətləri normallaşdırmağa nə qədər cəhd göstərsə də, onlar pozucu əməllərindən əl çəkmir və bölgəyə sülhün gəlməsinə imkan vermək istəmir". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.

Onun sözlərinə görə, Ermənistan həll olunmuş Qarabağ münaqişəsi və Azərbaycan vətəndaşları olmalı olan erməni sakinləri ətrafında gərginlik yaratmağa çalışır: "Lakin dünya artıq qəbul edir ki, Qarabağ Azərbaycanın suveren ərazisidir. Azərbaycanın bu suveren ərazilər üzərində beynəlxalq hüquqa uyğun bütün addımları atmağa əsası var. Ermənilər də Azərbaycandan torpaq qoparmaq, Qarabağın ətrafında mübahisəli vəziyyətin ömrünü uzatmağın artıq uğursuz taktika olduğunu başa düşürlər. Buna görə də öz məğlubiyyətlərini ört-basdır etmək üçün dünya miqyasında fürsət düşdükcə təxribatçı addımlara əl atırlar".

A.Quliyev sözlərinə davam edərək bildirib ki, Azərbaycanın Livandakı səfirliyinə qarşı erməni əsilli şəxslərin bu aksiyasının arxasında Ermənistan hakimiyyətindəki revanşist qüvvələr dayanır: "Eyni zamanda, bu təkcə Ermənistanın deyil, onun təcavüzkar siyasətinə açıq və ya gizli şəkildə dəstək verən bütün dövlətlərin, siyasi mərkəzlərin məsuliyyətidir. Azərbaycan Qarabağ üzərində öz suverenliyini genişləndirmək üçün qanunlara uyğun olan addımlar atdıqca bəzi ölkələrin timsalında Ermənistanın yanında Azərbaycana qarşı müqavimət görürük. Məsələn, Azərbaycan öz suverenliyi çərçivəsində Qarabağdakı ermənilərə humanitar yardımın aparılmasını təkid etdiyi halda, kənardan müəyyən mexanizmləri zorla qəbul etdirmək istəyirlər. Onlar istəyir ki, ermənilərə humanitar yardım mütləq ki Laçın yolu vasitəsilə aparılsın və oradakı nəzarət-buraxılış məntəqəsini ortadan götürsünlər. Təəssüf ki, Ermənistanın bu siyasətinə açıq şəkildə Fransa və bəzi Avropa dövlətləri, o cümlədən, Rusiyadan müəyyən dairələr dəstək verir. Bütün bunlar onu deməyə əsas verir ki, xaricdəki həmin qüvvələrin Ermənistana verdikləri dəstək onu təcavüzkar addımlarında həvəsləndirir".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə