"Prezident bünövrəsi Ulu Öndər tərəfindən qoyulan gənclik siyasətini uğurla davam etdirir" - DEPUTAT ŞƏRH ETDİ

"Gənclik dünyanın hər yerində aparıcı qüvvə, böyük gücdür. Təəssüf ki, 70 illik sovet dönəmində Azərbaycan gəncliyinin kifayət qədər uğurları olsa da, ideologiya yanlış idi. Yəni, Azərbaycan gənci Vətən deyəndə dünyanın altıda bir hissəsini əhatə edən bir imperiyanı, paytaxt deyəndə Moskvanı nəzərdə tuturdu. Ona görə də Azərbaycan gəncliyinin iqtisadiyyatda, təsərrüfatda, orduda nə qədər böyük uğurları olsa da, onların hər biri sovet gəncliyinin hesabına yazılırdı". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Anar İsgəndərov deyib.

​Onun sözlərinə görə, Azərbaycan yenidən öz dövlət müstəqilliyini əldə etdikdən sonra dövlət gəncliyi ağır və məşəqqətli günlər yaşadı: "Hər birimizə aydındır ki, ordu deyiləndə dünyanın hər yerində gənclik nəzərdə tutulur. Yəni, gənclər vətəni müdafiə etmək, ərazi bütövlüyünü təmin etmək üçün mübarizəyə qoşulur. O cümlədən, Azərbaycan gəncliyi də hələ 1991-ci ilə qədər SSRİ dağılan ərəfədə ərazi bütövlüyümüzü təmin etmək üçün düşmən işğalına qarşı mübarizə üçün səngərlərə atıldılar. Yalnız 1993-cü ildə Ulu Öndərin hakimiyyətə gəlişindən sonra gənclər sistemli şəkildə tərbiyə olunmaq və Azərbaycanın haqqını müdafiə etmək üçün azərbaycançılıq ideologiyası ətrafında birləşə bildi".

"Təbii ki, bu birmənalı olaraq Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər bu gəncliyi əsas hədəflərə doğru yönəldə bildi. Onun bu istiqamətdə xidmətlərinin ilk işartılarını 1994-cü ildə Füzuli ətrafında gedən döylərdə bu gəncliyin böyük bir güc şəklində birləşməsində gördük. 44 günlük müharibədə də artıq Azərbaycan gəncləri bütün dünyaya bəyan etdi ki, bünövrəsi Ulu Öndər tərəfindən qoyulan gənclik siyasətini ölkə başçısı, Ali Baş Komandan İlham Əliyev uğurla inkişaf etdirir. Azərbaycan gəncliyi bu gün də Qarabağın bərpa-quruculuq işlərində fəallıq göstərir. Bu yaxınlarda Laçın şəhəri günündə dövlət başçımızın Azərbaycan Ordusu haqqında söylədiyi fikirlər onu göstərir ki, düşmən ölkəmizin artıq inkişaf etdiyini, azərbaycançılıq ideyasının bütün xalqı öz ətrafında birləşdirdiyini dərk edib",- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə