"Ermənistan növbəti dəfə diplomatik uğursuzluğa düçar oldu" - DEPUTAT ŞƏRH ETDİ

“Ermənistan BMT TŞ-da uydurma Laçın dəhlizi məsələsini ortaya atdıqdan sonra növbəti dəfə diplomatik uğursuzluğa düçar oldu. Bu belə də olmalı idi. Çünki Azərbaycan artıq 90-cı illərdəki zəif, böyük dövlətlərin onun ərazisində öz maraqlarını açıq şəkildə həyata keçirdikləri dövlət deyil. Bu gün Azərbaycan öz suveren hüquqlarını kifayət qədər yüksək səviyyədə müdafiə edə bilir. Eyni zamanda, Azərbaycan həqiqətləri dünya birliyinin düşüncəsində artıq möhkəm yer tutub”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, BMT TŞ-da məsələnin qaldırılması təkcə Ermənistanın səyi deyildi: “Bu, Fransanın və xaricdə erməni diaspor dairələrinin də səyinin nəticəsi idi. Amma istədikləri alınmadı. Onların istəyi Azərbaycan əleyhinə hansısa siyasi qərarın qəbul edilməsi idi. Bilirdilər ki, Azərbaycanı öz ərazi bütövlüyündən çəkindirə bilməyəcəklər. Lakin nəzərdə tutduqları qətnaməni sonradan Azərbaycan əleyhinə geniş istifadə etmək fikrində idilər. Müzakirələr aparıldı və iştirakçıların əksəriyyəti Azərbaycanın mövqeyini müdafiə etdi. Hər hansı bir qərar qəbul edilmədən məsələ sona yetdi”.

Deputat sözlərinə davam edərək bildirib ki, Ermənistan növbəti dəfə məğlubiyyətə uğradı: “Ancaq bu o demək deyil ki, Ermənistan və ermənipərəst qüvvələr öz istəklərindən əl çəkirlər və bundan sonra Azərbaycan bu cür siyasi təxribatlarla üzləşməyəcək. Növbədə digərləri də var. Bunlardan biri bugünlərdə Ermənistan hökumətinin Azərbaycan sərhədinə bitişik Qafan aeroportunun açılışı ilə bağlı verdiyi bəyanat idi. Bunun özü də Azərbaycana qarşı təxribatdır. Çünki qalxan və enən erməni təyyarələri mütləq Azərbaycanın hava məkanını pozmalı idi. Bu barədə isə Azərbaycanın Ermənistanla hər hansı bir razılaşması yoxdur. Gözləniləniləndir ki, Ermənistanın bu istəyi də baş tutmayacaq. Biz yenə də erməni təxribatının şahidi olacağıq. Amma bütün bunların hamısı əbəsdir. Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət bu gün Azərbaycanı güclü dövlətə çevirib. Azərbaycan xalqı iqtidarı müdafiə edir. Bu gün güclü ordumuz, iqtisadiyyatımız, vətəninə bağlı vətəndaşımız var. Bu baxımdan Ermənistanın növbəti səylərinin də puça çıxacağını təxmin etmək olar. Nə qədər ki Ermənistan Azərbaycanla normal qonşuluq münasibətləri qurmaq istəmir, həmişə məğlubiyyətə uğramağa məcbur olacaq”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə