"Fransa Makronun sərsəm xülyaları ilə məşğuldur" - POLİTOLOQ ŞƏRH ETDİ

“Fransada və İranda çox ciddi xalq etirazları baş verməkdədir. Ermənistanın əsas müttəfiqi sayılan bu iki dövlətdə üsyanların baş verməsi onu göstərir ki, İran və Fransa daxili proseslə məşğul olmaq əvəzinə neoimperialist iddialar önə sürür və başqa dövlətlərin daxili işlərinə müdaxilə edirlər. Demokratik prinsiplərdən ağız dolusu danışan bu dövlətlər bütün davranışlarında bu prinsiplərə arxa çevirmiş olur. Hesab edirəm ki, bu narazılıqlar Fransa dövlətinin imperialist tarixi və neoimperialist iddiaları ilə bağlıdır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Anar Əliyev deyib.

Onun sözlərinə görə, sosial islahatlar adı altında Fransada həyata keçirilən dəyişikliklər, insanların hüquqlarının kobud şəkildə pozulmasına xidmət edən davranışlar onu göstərir ki, Fransa daxildə baş verən narazılıqları həll etmək əvəzinə lideri Makronun və onun komandasının sərsəm xülyaları ilə məşğuldur: “Fransa dövləti öz imicinə zərbə vuracaq addımlar atır. Unudurlar ki, dövlət daxilində insanların hüquqlarının məhdudlaşdırılmasını demokratik dəyər kimi qiymətləndirən bir dövlətin başqa bir xalqa dərs keçməsi hər zaman gülünc doğurur”.

Politoloq sözlərinə davam edərək bildirib ki, İranda isə artıq 6 aydan çoxdur davam edən xalq iğtişaşları insanların elementar hüquqlarının pozulmasına etiraz edən xalq kütlələrinə qarşı tətbiq edilən amansız davranış, etirazçıların güllələnməsi, qətlə yetirilməsi, evlərindən qaçırılması onun da Fransa kimi imperiya xülyalarında olduğunu göstərir: “İran bu imperialist düşüncələrlə terror davranışları nümayiş etdirir. İslam dəyərlərinə ziddiyyət təşkil edən fəaliyyətlə məşğuldur. Eyni zamanda, hər iki dövlətin Cənubi Qafqazla, Ermənistanla bağlı oxşar davranışları onların xarici siyasətinin eyni olduğunu isbat edir. Təəssüf ki, bu yanaşmada hər iki dövlətin siyasəti ədalətli deyil. Hər iki dövlət terrorçu Ermənistanı alət etməklə bölgə xalqlarına təzyiq etmək, onların davamlı şəkildə inkişafının qarşısını almaq və özlərindən asılı vəziyyətə salmaqdır. Düşünürəm ki, Fransa və İran tarixdə baş vermiş hadisələrdən nəticə çıxarmalıdır”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə