"Aprel döyüşləri 44 günlük müharibənin baş məşqi oldu" - MİLLƏT VƏKİLİ ŞƏRH ETDİ

“2016-cı ilin aprelində işğalçı Ermənistanın təxribatına cavab olaraq Azərbaycan ordusu müxtəlif istiqamətlərdə düşmənə ağır zərbə endirdi. Bir çox strateji yüksəkliklər, o cümlədən, Lələtəpə yükləkliyi işğaldan azad edildi”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Musa Qasımlı deyib.

Onun sözlərinə görə, ərazilərimizin bir qisminin düşmən tapdağından azad edilməsi həm hərbi strateji, həm də siyasi-mənəvi əhəmiyyət daşıyırdı: “Hərbi strateji əhəmiyyəti ondan ibarət idi ki, Azərbaycan digər işğal olunmuş ərazilərimizin içərilərinə doğru torpaqlara nəzarət etmək imkanı qazandı. Lələtəpənin azad edilməsi Cocuq Mərcanlıya qayıdışa imkan verdi. Həmin əməliyyatlardan sonra Azərbaycan Prezidenti İlham Əliyev Cocuq Mərcanlı ilə bağlı bir sıra sənədlər imzaladı. İlk mərhələdə orada 50 ev tikildi, kənddə yaşayış təmin olundu, infrastruktur bərpa edildi. Aprel döyüşlərində qazanılan qələbənin böyük siyasi-mənəvi əhəmiyyəti var idi. Bununla Azərbaycan göstərdi ki, torpaqlarının işğal altında qalması ilə qətiyyən barışmayacaq və işğalçıları öz torpaqlarından qovacaq. Qələbə Azəbaycan xalqında yüksək milli-mənəvi ruhu artırdı. Aprel döyüşləri 44 günlük müharibənin baş məşqi oldu”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə