"Azərbaycanı əsla öz haqlı mübarizəsindən çəkindirmək olmaz" - MÜNASİBƏT BİLDİRİLDİ

“Azərbaycanda terror aktlarının törədilməsi, xüsusilə də bunun millət vəkilinə qarşı baş verməsi dövlətimizin güclənməsini istəməyən bəzi mərkəzlərin əməlləridir. Onlar düşünür ki, bu vasitələrlə Azərbaycanda ictimai xof yaradaraq milli maraqlarımız uğrunda mübarizə aparan ziyalılarımızı, ictimai xadimlərimizi öz məqsədlərindən çəkindirə bilərlər”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, terrordan dərhal sonra millətimizin ictimai reaksiyası bir daha onu göstərdi ki, Azərbaycan cəmiyyəti savadlıdır, terrorun kimlər tərəfindən və nə üçün törədildiyinin fərqindədir: “Azərbaycanı əsla öz haqlı mübarizəsindən çəkindirmək olmaz. Çünki terror hadisələrindən dərhal sonra istər sosial şəbəkələrdə, istərsə də ayrı-ayrı informasiya resurslarında biz milli maraqlarımız ətrafında daha sıx birləşirik. Yəni, terroru törədənlərin məqsədi Azərbaycan cəmiyyətini parçalamaq və öz mübarizəsindən yayındırmaq idisə, tam əksi baş verdi. Azərbaycan xalqı daha yüksək səslə, cəsarətlə öz haqlarını qorumağa başladı. Ona görə də bu cinayətləri törədənlər öz məqsədlərinə çatmayıb, çata da bilməz”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə