Terror hadisələrinə QHT rəsmilərinin BAXIŞI - SORĞU

Son günlərdə Azərbaycanda müxtəlif terror hadisələri baş verir. Bu hadisələrin arxasında hansı qüvvələr dayanır? Hansı məqsədlərlə terror hadisələri həyata keçirilir? SİA mövzu ilə bağlı QHT rəsmiləri arasında sorğu keçirib.

“Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri Nadir Azəri: “Əvvəla onu deyim ki, millət vəkili Fazil Mustafaya qarşı törədilən terror hadisəsini qətiyyətlə pisləyirəm. Bu cinayəti törədənlər və onlara sifariş verənlər tez bir zamanda Azərbaycan dövlətinin müvafiq qurumları tərəfindən aşkara çıxarılacaq, gühahkarlar layiq olduqları cəzanı alacaqlar. Bunda kiminsə şübhəsi olmasın. Əslində, bu qanlı cinayəti törədənlərin və onlara bunu sifariş edənlərin məqsədləri hər kəsə bəllidir. Azərbaycanın həm xarici, həm də daxili siyasətdə əldə etdiyi uğurlar, xüsusilə də 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərə yaxın və uzaq düşmənlərimizin yuxusunu ərşə çəkib. Tarix boyu Azərbaycanı çeşidli süni problemlərlə zəif salan, tarixi torpaqlarımızı ikiyə bölərək, sərvətlərimizi talan edənlər bu gün qarşılarında qalib və qüdrətli Azərbaycanı görəndə dəliyə dönürlər. Bu zavallılar çeşidli çirkin addımlarla, hansısa xain planlarla, qanlı əməllərlə ölkəmizi öz yolundan döndərəcəklərini düşünürlər. Lakin onlar yanılırlar. Çünki bu gün dediyim kimi qalib və qüdrətli Azərbaycan var. Bu gün bu qüdrətli Azərbaycanın qətiyyətli, dövlətin və xalqın maraqlarını hər şeydən üstün tutan Lideri var. Bu gün bu Lideri və rəşadətli Azərbaycan Ordusunu dəstəkləyən mübariz Azərbaycan xalqı var. Ən nəhayət, bu gün gecə-gündüz ölkəmizin təhlükəsizliyinin keşiyində duran çox dəyərli hüquq-mühafizə və təhlükəsizlik orqanlarımız var. Ona görə də bir daha deyirəm ki, yaxın və uzaq düşmənlərimizin qara arzuları gözlərində qalacaq.

Bu hadisə bir daha düşmənlərin xislətini ortaya qoydu. Bir daha bəlli oldu ki, düşmənlərimiz bir anlıq belə bizə qarşı çirkin planlarından əl çəkmirlər. Onların əsas hədəfi isə Azərbaycandakı sabitlikdir. Əksər dünya ölkələrinin həsəd apardığı bu sabitliyi pozmaq üçün düşmənlərimiz çeşidli təxribat və cinayətlərə baş vururlar. Belə bir məqamda Azərbaycan xalqı, o cümlədən ictimai-siyasi fəallar, media nümayəndələri daha ayıq-sayıq olmalıdır. Bu günlər rəsmi olmayan hər hansı informasiyaya inanamamaq, belə,cəmiyyəti çaşdıran, əsassız informasiyaları sosial şəbəkələrədə yaymamaq, yayanları da ictimai qınağa tuş etmək üçün birlki nümayiş etdirməliyik”.

“Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rizazadə: “Bu cür terror hadisələri bizi çox narahat edir. Elə düşünürəm ki, bu hadisələrdə İranın əli var. Terror aktlarının törədilməsi bizim sabitliyimizi pozmaq üçündür. Bilirik ki, İran Ermənistanla əlbirdir. İstisna etmirəm ki, bu hadisələrdə də onlar onlar əlbir hərəkət edib. Ona görə də hər birimiz ayıq-sayıq olmalıyıq. Dövlət Təhlükəsizlik Xidmətinə də hər bir vətəndaş bu məsələdə kömək etməlidir. Bu cür halların qarşısını almaq üçün birlik olmalıdır. Sərhədlər daha ciddi qorunmalıdır. Çünki bunlar Azərbaycana qarşı qurulmuş plandır. Amma inanıram ki, Azərbaycanın güclü ordusu, təhlükəsizlik orqanları və xalq birgə hərəkət edərək terror hadisələrinin qarşısını ala bilər”.

“Cəmiyyətin İnkişafı” Mərkəzinin sədri Əhməd Abbasbəyli: “Əvvəla Azərbaycan Respublikası Milli Məclisin üzvü Fazil Mustafaya qarşı törədilmiş bu terror aktı hər bir Azərbaycan vətəndaşını, o cümlədən, məni də hiddətləndirir. Bu işdə uzaqdan-yaxından əli olan hər kəsin cəzalandırılması mütləqdir. Bu hadisə Azərbaycan dövlətinə, ictimai və siyasi mühitinə qarşı atılmış bir addım, meydan oxumaq cəhdidir. Bununla bağlı adekvat tədbirlərin görülməsinə ehtiyac var. Terror təşkilatçılarının məqsədi Azərbaycan dövlətini, təhlükəsizlik sistemini nüfuzdan salmaq, hədə-qorxu gəlməkdir. Amma bu baş tutan deyil. Azərbaycan dövləti vahiddir. Baş verən terror hadisələrinin kimlər tərəfindən və niyə törədildiyinə qərar vermək çox çətindir. Düşünürəm ki, bunun üçün uzunmüddətli istintaq aparılmalı və müvafiq tədbirlər görülməlidir. Amma bununla bağlı ehtimallar irəli sürmək olar. Ehtimal edirəm ki, dünən millət vəkilimizə qarşı baş vermiş terrorun səbəblərindən biri onun ictimai-siyasi fəaliyyəti ilə bağlıdır. İlk növbədə qarşımızda İran faktoru dayanır. Fazil Mustafanın son dönəmlərdə həm dini, həm siyasi, həm də dövlətlərarası nöqteyi-nəzərdən obyektiv tənqidi çıxışları var. Bu mənada İran faktorunu kənara atmaq olmaz və araşdırmaq lazımdır. Bu hadisənin məhz dünənki gündə, yəni Dövlət Təhlükəsizlik Xidmətinin təsis olunduğu gün törədilməsi də bu faktoru qabardır. İkinci versiya isə odur ki, gözəgörünməz qüvvələrin İran-Azərbaycan münasibətlərini daha da gərginləşdirmək və bu məsələni gündəmdə saxlamaq üçün atılmış bir addımdır. Bu cür misallar tarixdə də var. Üçüncü bir ehtimal isə bunun sadəcə olaraq hər hansısa bir dini fanatikin yaxud da Fazil Mustafanın şəxsinə qərəzli olaraq təşkil olunmasıdır. Ola bilər ki, kimsə millət vəkilinin çıxışlarından qəzəblənib İran təəssübkeşliyi göstərərək öz düşüncəsində ona qarşı cəza tədbiri həyata keçirməyə çalışıb. İstənilən halda terror hadisəsini törədənlər cəzalandırılmalı və dövlətimizə qarşı bu meydan oxuma cəhdlərinin qarşısı alınmalıdır”.

“Vətəndaş Maarifləndirilməsi” İctimai Birliyinin icraçı direktoru Elşad Məmmədov: Deputat Fazil Mustafaya qarşı sui-qəsd hadisəsini birmənalı şəkildə Azərbaycanda sabitliyin pozulmasına çalışan xarici qüvvə törədib. Öncə onu vurğulamaq lazımdır ki, cinayətin konkret motivi, məqsədi, kim və ya kimlər tərəfindən törədilməsi, sifarişçi barədə rəsmi, dəqiq açıqlamanı ilkin araşdırmalardan sonra istintaq orqanı verəcək. Biz sadəcə ehtimallarımızı söyləyə bilərik.

Fazil bəy uzun zamandır xurafatı, İrandan qaynaqlanan cəhaləti və eyni zamanda bu istiqamətdən Azərbaycana qarşı yönələn eybəcər siyasəti sərt və təbii ki, haqlı tənqid edən şəxslərdən biridir. O da bəllidir ki, İran bir müddətdir Azərbaycana münasibətdə yanlış və təxribatçı mövqe sərgiləyir.

Tehrandakı səfirliyimizdə törədilən terrordan sonra daha da aqressiv tona keçiblər. Dəfələrlə İran mollaları Azərbaycanda təxribat, terror, sui-qəsdlər törətməyə açıq çağırışlar ediblər. Sirr deyil ki, İranın Azərbaycanda agentur şəbəkəsi də var.

Düzdür, son aylarda onlar xeyli neytrallaşdırılıb. Ancaq bitməyiblər və ifşa olunduqca bu şəbəkə radikal bir mövqeyə keçid edir.

Bütün bunları təhlil edəndə deputatın güllələnməsinin izləri molla rejiminə yön alır.

Bildiyiniz kimi, 27 martda DTX İran agentlərinin ifşasına dair açıqlama verdi, videomaterial yaydı. Saxlanılan şəxslər ifadələrində deyirdilər ki, onlara ictimai və dövlət xadiminə soyuq və ya odlu silahla hücum əmri verilib. Güman etmək olar ki, Fazil bəy bu şəbəkənin üzvləri tərəfindən güllələyib.

Əgər bu terroru molla rejimi törədibsə, bütün hallarda İran özünü daha pis duruma salır. Azərbaycanı belə naqis planlarla sarsıtmaq, stabilliyi pozmaq, hədə tonunda danışıb, öz haqlı, dürüst mövqeyindən çəkindirmək mümkün deyil. Azərbaycanın xüsusi xidmət və hüquq mühafizə orqanları bu cür xain planların qarşısını peşəkarcasına alacaq. Tehran terror mahiyyətli əməlləri ilə sadəcə özünü bir daha dünyada biabır, ifşa etmiş olur, İranın terroru dəstələyən ölkə imici daha da möhkəmlənir. Bu hadisəni Azərbaycanda qarışıqlıq salmaq, İranı daha da qızışdırmaq istəyən digər bir xarici təxribatçı qrupların törətməsinə dair az ehtimal olunan versiya da səslənir. Ancaq bu, qeyd etdiyimiz kimi, çox az bir ehtimaldır. Hər bir halda istintaq bütün həqiqətləri ortaya çıxaracaq. Nəhayət, sonda onu da vurğulayım ki, bu məsələdə jurnalist həmkarlar və rəy bildirən ekspertlər kifayət qədər soyuqqanlı olmalıdır, istintaqın, əməliyyat prosesinin gedişinə ziyan verə biləcək şayiələri, hər hansı eşitdiyikləri məlumatı yaymamalı, açıqlamamalıdırlar".

Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı: “Təbii ki, ölkəmizdə terror hadisələrinin baş verməsi bədbəxt hadisədir. Çox üzgünük ki, belə bir hadisə ölkənin parlaq simalarından biri, öz çıxışları ilə hər zaman diqqətdə olan tanınmış millət vəkili Fazil Mustafanın da başına gəlib. Çox şükür ki, öz sağlığına qovuşur. Bu cür hadisələr Azərbaycanda nadir hallarda baş verir. Mən ölkəmizi insanların rahat şəkildə yaşadığı, özünü güvəndə hiss etdiyi bir məmləkət hesab etmişəm və bununla qürur duymuşam. Amma görünür, Azərbaycanın həm daxildə, həm də xaricdə olan düşmənləri bu ölkənin güvənli olmasından çox narahatdırlar. Əlbəttə ki, bu düşmənin işidir. Yəqin ki Azərbaycanın hüquq mühafizə orqanları bu hadisələrin kim tərəfindən və nə səbəbə baş verdiyinə aydınlıq gətirəcək”.

“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli: “Millət vəkili Fazil Mustafaya qarşı törədilən terror hadisəsini qətiyyətlə pisləyirəm. Bu, Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq və dövlətimizə xidmət edən insanlarda qorxu yaratmaq üçün həyata keçirilən bir terror hadisəsidir. Terroru törədənlər və onun sifarişini verən dairələr öz çirkin məqsədlərinə çata bilməyəcəklər. Azərbaycanın güclü hüquq mühafizə orqanları var. Qısa bir zamanda cinayətkarlar dövlətimiz tərəfindən aşkarlanacaq. Sön dövrlərdə Azərbaycan dövlətinin müstəqil siyasət aparması hansı qüvvələri qıcıqlandırır. Dünəndən bəri sosial şəbəkələrdə insanların bu hadisəyə fikir bildirməyi onu göstərir ki, Azərbaycan vətəndaşları dövlətinin yanındadır. İndiyədək müxtəlif üsullarla dövlətimizə qarşı təzyiq edən qüvvələrin məqsədlərinə nail olmadığı kimi bundan sonra da nail ola bilməyəcəklər. Müstəqilliyin ilk illərində də belə terror hadisələri törədilib. Ümummilli Lider Heydər Əliyev tərəfindən hər birinin qarşısı qətiyyətlə alınmışdır. Uzun müddətdir ki, Azərbaycanda ictimai-siyasi sabitlik mövcuddur. Bunu gözü götürməyən qüvvələr var. Onların zaman-zaman həyata keçirdikləri təxribatın qarşısı alınıb. Bundan sonra da müvafiq addımlar həyata keçiriləcək. Azərbaycan dövləti daha da güclənəcək və hədəflərinə doğru irəliləyəcək”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə