"Korsikalıların hüquqları Fransada ən kobud şəkildə pozulmaqdadır" - DEPUTAT ŞƏRH ETDİ

"Nəzərə almaq lazımdır ki, Korsika adasında 150 mindən artıq əhali yaşayır. Bu sayda insan Korsika dilindən istifadə etməkdədir. Dilin qadağan olunması aydın şəkildə göstərir ki, Fransa hələ də müstəmləkə psixologiyasından uzaqlaşa bilməyib". Bu sözləri SİA-ya açıqlamasında deputat Elşad Mirbəşiroğlu deyib.

Onun sözlərinə görə, məsələnin başqa bir tərəfi isə ondan ibarətdir ki, Fransa başqa coğrafiyalarda kimlərinsə hüquqlarından və ya vəziyyətindən narahatlığını ifadə edir: "Bütün bunlar Fransanın riyakarlığını göstərir. Bölgədə ermənilərdən istifadə etməklə özünün məkrli və təhlükəli maraqlarını həyata keçirməyə çalışır. Biz dəfələrlə qeyd etmişik ki, Azərbaycanın ərazisində 20-25 min erməninin qeydinə qalmaqdansa, Fransa 150 min korsikalının hüquqları haqqında düşünsün. Korsikalıların hüquqları Fransada ən kobud şəkildə pozulmaqdadır. XXI əsrdə bir ölkənin etnik azlığa qarşı onun dilini qadağan etməsi və bununla bağlı bir xalq olaraq hüquqlarının qadağan edilməsi heç bir humanizmə, beynəlxalq hüquq prinsiplərinə sığmır. Bu cür davranan Fransa Azərbaycana ərazisində yaşayan ermənilərin hüquqlarından danışması səmimiyyətdən çox uzaqdır. Sadəcə olaraq Fransa ermənilərdən bir alət kimi istifadə edərək Cənubi Qafqaz regionunda gərginlik yaratmaq və bütün bunların fonunda məkrli imperializm siyasətini reallaşdırmaq istəyir".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə