"Azərbaycan əsrlər boyu yəhudi icması üçün doğma məkana çevrilib" - SƏFİR BİLDİRDİ

"Doğrusu, mən qarışıq hislər yaşayıram. Çünki bizim əməkdaşlığın əsaslı fəaliyyəti yeni bir mərhələyə çatıb. İsraildə Azərbaycan səfirliyinin açılmasına nail olmuşuq. Belə bir qərarın verilməsindən öncə isə bu iki ölkə arasında başqa önəmli hadisələr də baş verib". SİA xəbər verir ki, bu sözləri Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov Azərbaycan-İsrail İnnovasiyalar Forumunda deyib.

Muxtar Məmmədov qeyd edib ki, keçən il Azərbaycan və İsrail münasibətlərinin 30 illiyini qeyd etdik: "Bu, ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafı üçün baza təşkil edirdi. Qeyd etməliyik ki, bizim əməkdaşlığımız sadəcə 30 illə məhdudlaşmır. Yəhudilər illər boyu Azərbaycanda yaşayıblar. Mən fəxr edirəm ki, bizim dövlətimiz əsrlər boyu yəhudi icması üçün doğma məkana çevrilib. Onlar burada daim sülh və əmin-amanlıq içində yaşayıblar. Odur ki, bu tarixi bağlar gələcəkdə münasibətlərin gücləndirilməsinə zəmin yaradır. Bunun təməlində isə multikulturalizm durur. Azərbaycan da multikulturalizm baxımından hazırda dünya üçün rol modeli kimidir.

Mən Azərbaycanın İsraildəki ilk səfiriyəm və mənim funksiyalarımdan biri də bu ölkələr arasındakı münasibətləri daha da gücləndirməkdir. Mən əmin olmalıyam ki, bu bağlar ikitərəfli şəkildə inkişaf edəcək".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə