"Bu görüş iki dövlətin dostluğunu bir daha sübut etdi" - DEPUTAT ŞƏRH ETDİ

"Türkiyədə baş verən böyük faciəyə ilk reaksiya verən onun dostu Azərbaycan oldu. Azərbaycan və Türkiyəni yalnız qonşuluq, birgə fəaliyyət, dünya birliyində həmrəy siyasət yeritmək birləşdirmir. Biz bir millət, iki dövlətik və bütün münasibətlərimiz bu prinsip üzərində qurulub". Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, ilk gündən Azərbaycan Türkiyəyə ən böyük yardım edən ölkələrdən oldu: "Hal-hazırda 700-dən çox xilasedicilərimiz, böyük maddi-texniki imkanlarımız Türkiyədə fəaliyyət göstərir. Eyni zamanda 66 dövlət Türkiyəyə öz dəstəyini göstərməyə hazır olduğunu bildirib. 18 ölkənin xilasediciləri gecə-gündüz dağıntılar altında qalan insanları xilas etməyə çalışır. Onların içərisində ən böyük resursla köməyə gələn məhz Azərbaycandır. Dəstək yalnız dövlət səviyyəsində olmayıb. Sadə vətəndaşlarımız da bu işə öz töhfəsini verir.

Azərbaycan vətəndaşları həm maddi baxımdan, həm də əşyaların, isti paltarların toplanmasında böyük fədakarlıq göstərir. Bugünkü gündə mətbuat səhifələri, sosial şəbəkələr insanlarımızın Türkiyəyə yardım göstərməsi nümunəsi ilə doludur".

Deputat sözlərinə davam edərək bildirib ki, cənab Prezidentin dünən Türkiyə səfirliyinə getməsi və türk xalqına başsağlığı verərək məsələyə münasibətini göstərməsi bir daha sübut etdi ki, Azərbaycan ən çətin günündə qardaş Türkiyənin yanındadır: "Cənab Prezident Türkiyəyə yardım məsələsinin artıq mərkəzləşmiş şəkildə həyata keçirildiyini və Azərbaycanın qardaş dövlətinə hərtərəfli yardım etməyə hazır olduğunu bildirib. Dövlət neft şirkətimiz bu məsələdə fəal rol oynamaq üzrə xüsusi tapşırıqlar alıb. Bundan sonra da Türkiyəyə nə qədər kömək lazımdırsa, edəcəyik.

Azərbaycan heç vaxt Türkiyəni çətin günündə yalnız buraxmayacaq. Bu məsələdə ən böyük həssaslığı cənab Prezident İlham Əliyev və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva göstərdi. Türkiyəyə kömək məsələsi dəvlət rəhbərliyinin birbaşa gündəlik nəzarətindədir. Heydər Əliyev Fondu xətti ilə də Türkiyəyə yardımlar göndərilməkdədir. Cənab Prezident bildirdi ki, dağıntılar aradan qaldırıldıqdan sonra bərpa işlərində də Azərbaycan Türkiyəyə köməklik göstərməyə hazırdır. Biz Türkiyənin acısına, kədərinə şərikik və tezliklə bu vəziyyətdən çıxmağı üçün ona hər şəkildə kömək etməyə hazırıq".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə