"Bu hadisə İran dövlətinin iç üzünü açır” - DEPUTAT ŞƏRH ETDİ

“Yanvar ayının 27-də Tehranda Azərbaycan səfirliyinə qarşı törədilən terror aktı son dövrün ən ağır cinayət hadisələrindən biridir. Əslində, uzun illər boyu İranın Azərbaycana qarşı təxribatçılıq siyasəti, Ermənistana dost münasibəti on milyonlarla azərbaycanlını hiddətləndirmişdi”. Bu sözləri SİA-ya açıqlamasında deputat Anar İsgəndərov deyib.

Onun sözlərinə görə, dilimiz, dinimiz bir olan İran ərazisində 40 milyondan artıq azərbaycanlı yaşayır: “Bu, necə ola bilər ki, Azərbaycanla Ermənistan arasında baş verən münaqişədə torpaqlarımız işğal edildiyi halda İran ədaləti, haqqı müdafiə etmək əvəzinə təcavüzkar dövləti müdafiə edir. Bu azmış kimi İranın mərkəzində toxunulmazlıq hüququ olan səfirlik işçilərinə qarşı terror aktı və bu akt nəticəsində mühafizə xidmətinin bir işçisinin şəhid olması, iki nəfərin isə ağır yaralanması ağrılı bir hadisədir. Bu, İran dövlətinin iç üzünü açan bir hadisədir”.

Deputat sözlərinə davam edərək bildirib ki, İran rəsmiləri hadisə baş verəndən sonra bunu məişət hadisəsi kimi qələmə verməyə başladılar: “Toxunulmazlıq hüququ olan bir yerdə Azərbaycan işçilərinə qarşı terror aktı həyata keçirilirsə, bu necə məişət hadisəsi ola bilər?! Əslində, bu, planlı şəkildə hazırlanan bir hadisədir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, hadisədən bir neçə gün keçməsinə baxmayaraq, İran bu məsələnin həllini o qədər ləng aparır ki, bu, bütün Azərbaycan vətəndaşlarında qıcıq yaradır. İran kimi dövlətlərin belə namərd təhdidləri Azərbaycanı öz yolundan döndərə bilməz. Azərbaycanın bugünkü gündə ən böyük amalı qonşu dövlətlərlə münasibətləri səmimi şəkildə saxlamaq, 30 ildən artıq düşmən işğalı altında olan tarixi torpaqlarını bərpa etmək və quruculuq işlərini sürətləndirməkdir”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə