"Səfər Azərbaycanın güclənən iqtisadiyyatına yeni stimul verəcək" - POLİTOLOQ ŞƏRH ETDİ

“Azərbaycan Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Macarıstana çox əhəmiyyətli səfər etdilər. Bu səfər çərçivəsində Azərbaycan və Macarıstan arasında qarşılıqlı anlaşma memorandumu, bir çox istiqamətlərdə qarşılıqlı fəaliyyəti nəzərdə tutan sənədlər imzalandı. Bununla da Azərbaycan və Macarıstan arasında münasibətlərin üst səviyyəyə daşınması istiqamətində çox ciddi qanunvericilik baza formalaşdırıldı”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Anar Əliyev deyib.

Onun sözlərinə görə, bu, Azərbaycan və Macarıstan biznes subyektlərinin qarşılıqlı fəaliyyətini məhdudiyyətsiz və problemsiz genişləndirilməsi üçün hüquqi baza rolunu oynayacaq: “Bu mənada hesab edirəm ki, Azərbaycanla Avropa Birliyinin çox mühüm üzvlərindən biri olan Macarıstan arasında münasibətlərin genişlənməsi bir çox sahələrdə hər iki dövlət üçün müsbət nəticələr doğuracaq. Xüsusilə, qarşılıqlı investisiya cəlbinin daha da genişlənməsi, ticarət əlaqələrinin böyüməsi baxımından əhəmiyyətli olacaq. Nəzərə alsaq ki, Macarıstan Rusiya-Ukrayna müharibəsi gedişatında enerji təchizatı ilə bağlı ən böyük zərərçəkən dövlətlərdən biridir, Azərbaycanın karbohidrogen ehtiyyatlarının xüsusilə də enerji və qaz məhsullarının Macarıstana çatdırılması barədə ciddi razılaşmalar əldə olunub”.

Politoloq sözlərinə davam edərək bildirib ki, TANAP və TAP layihələrinin daha da genişlənərək Yunanıstan üzərindən daxili konvektorlar vasitəsilə Macarıstana Azərbaycan qazının ötürülməsi ilə bağlı araşdırmalar həyata keçirilir: “Bu mənada Azərbaycanla Macarıstan arasında iqtisadi əlaqələr və ticarət dövriyyəmizin qarşıdakı illərdə dəfələrlə böyüməsi potensialı var. Eyni zamanda, Macarıstan Avropa ailəsində Azərbaycanın ən etibarlı tərəfdaşlarından biridir. Azərbaycanın haqlı mövqeyinin Avropa institutlarında müdafiə olunmasında da Macarıstan daim dost dəstəyini nümayiş etdirib. Bu iki ölkə arasında əlaqələrin inkişafı imkanları da çox genişdir. Macarıstan həm də Türk Dövlətləri Birliyinə müşahidəçi qismində üzv qəbul olunub. Türk dünyasının imkanlarının Avropa dünyası ilə qarşılıqlı inteqrasiyasında Macarıstan önəmli açar rolunu oynamaqdadır. Ona görə də indiki dövrdə Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Macarıstana səfər etməsi siyasi və iqtisadi əhəmiyyət daşıyır. Bu səfərin nəticələrini biz yaxın dövrlərdə Azərbaycan iqtisadiyyatına macar sahibkarlarının marağında görə biləcəyik. Həmçinin, qarşılıqlı investisiya yatırımında Macarıstan investorlarının xeyrinə on dəfələrlə fərq mövcuddur. Bu fərqin aradan qaldırılması və azərbaycanlı iş adamlarının da Macarıstan iqtisadiyyatına investisiya yatırması ilə bağlı ciddi işlər həyata keçirilir. Bu səfər Azərbaycanın güclənən iqtisadiyyatına yeni bir güc, yeni bir stimul verəcək”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə