Terror aktının bütün məsuliyyəti İran hakimiyyətinin üzərinə düşür

Məlum olduğu kimi, təcavüzkar Ermənistanla 30 ildən çoxdur ki, yüksəksəviyyəli münasibətlər saxalayan İran İslam Respublikası 44 günlük Vətən müharibəsindən sonra anti-Azərbaycan siyasətinə yeni çalarlar əlavə etdi. Azərbaycanla sərhədində hərbi təlimlər keçirməsi, işğalçı Ermənistanın ərazi bütövlüyünün qorunmasını özünün “qırmızı xətti” adlandırması, İrandakı dini və hərbi dairələrdən Azərabycana qarşı hədə-qorxu səpkili bəyanatlar səslənməsi buna sübutdur.

Yanvar ayının 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum da yürüdülən anti-Azərbaycan siyasətinin əməli nəticəsidir. Belə ki, terror aktının törədilməsi nəticəsində səfirliyin təhlükəsizlik xidmətinin rəisi öldürülüb, daha iki vətəndaşımız yaralanıb. Bu hadisənin İranın hüquq-mühafizə orqanlarının əməkdaşlarının seyrçi qaldığı şəraitdə törədilməsi qonşu dövlətin beynəlxalq hüquq normalarına hörmət etməzcəsinə terrora şərait yaratdığından xəbər verir. Çünki beynəlxalq diplomatik hüquq normalarına görə bir dövlətin səfirliyinə qarşı təxribat həmin ölkəyə qarşı hücum kimi qəbul edilir.

Dövlətimizə qarşı edilən bu xain hücum ölkə rəhbərliyi tərəfindən dərhal kəskin şəkildə qınanıb. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizin Tehrandakı səfirliyinə xain hücumla əlaqədar tvitterdə etdiyi paylaşımda deyilir: “Bu gün Tehrandakı səfirliyimizə qarşı törədilmiş terror aktını şiddətlə qınayıram. Səfirliyin və səfirlik əməkdaşlarının mühafizəsini təmin edərkən həlak olan baş leytenant Əsgərov Orxan Rizvan oğlunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Bu terror aktının tezliklə araşdırılacağını və terrorçuların cəzalandırılacağını tələb edirik. Diplomatik nümayəndəliklərə qarşı terror hücumu qəbuledilməzdir!”.

Eyni zamanda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva da rəsmi instaqram səhifəsində ölkəmizin İrandakı səfirliyinə silahlı hücumla bağlı paylaşım etmişdir: “Bu gün Tehrandakı səfirliyimizə qarşı törədilmiş terror aktı zamanı həlak olmuş həmvətənimiz, baş leytenant Əsgərov Orxan Rizvan oğlunun doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin! Yaralıların tezliklə sağalması üçün dua edirəm. Uca Tanrı Azərbaycan xalqına yar olsun!”.

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücumla əlaqədar Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatı da bəyanat verərək, Azərbaycanın qüdrətinin artmasından narahat olan qüvvələrin istənilən təxribat cəhdinin bundan sonra da heç bir nəticə verməyəcəyini diqqətə çatdırıb. Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi də 27 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə edilmiş silahlı hücumu qəti şəkildə pisləyib və terror hadisəsinə kəskin etirazlarını bildirib.

Sözsüz ki, bütün dünyada tolerant ölkə, multikulturalizmin məkanı hesab olunan, heç bir dövlətin daxili işlərinə qarışmayan Azərbaycana qarşı atılan bu addım yalnız qarşı tərəfin sülhü təhdid etməsinin, əmin-amanlığı, təhlükəsizliyin bərqərar olmasını istəməməsinin göstəricisidir. Eyni zamanda, görünən odur ki, İran hakimiyyəti Azərbaycan-Türkiyə qardaşlığını həzm edə bilmir. Səmimi dostluq, qardaşlıq zəminində qurulan Azərbaycan-Türkiyə münasibətləri bu gün Ermənistanla yanaşı, İranı da bərk narahat edir.

Müstəqil siyasət yürüdən, humanist ideyalara sadiq olan, yalnız region ölkələri ilə deyil, sülh tərəfdarı olan dövlətlərin hər biri ilə səmimi dostluq münasibətləri, əməkdaşlıq əlaqələri quran Azərbaycanın həyata keçirdiyi uğurlu xarici siyasət dost ölkələr tərəfindən bu gün də dəstəklənir. Belə ki, beynəlxalq aləmdən Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu pisləyən saysız-hesabsız bəyanatlar verilməkdədir.

Onu da bir daha qeyd etmək yerinə düşər ki, yanvar ayının 27-də Azərbaycanın Tehrandakı diplomatik nümayəndəliyinə edilən silahlı hücum ölkəmizin digər xarici ölkələrdəki konsulluqlarına edilmiş silahlı basqınların davamı, bu günə kimi İranda aparılmış anti-Azərbaycan təbliğatının və fəaliyyətinin nəticəsidir.

Bu reallıq fonunda artıq Azərabycan Respublikasının İrandakı səfirliyinin fəaliyyət göstərməsi dövlətimiz tərəfindən məqbul hesab edilmir. Çünki rəsmi Bakı İranda vətəndaşlarımızın təhlükəsiziliyinin təmin edilməsinə etibar etmir. Bunu ölkəmizin səfirliyinin əməkdaşlarının İrandan təxliyə edilərək Bakıya gətirilməsi zamanı Azərbaycan XİN-in vəzəfəli şəxsi də bəyan edib.

Bununla yanaşı, Azərbaycan dövləti İrandan yanvar ayının 27-də törədilmiş cinayətlə bağlı obyektiv araşdırma gözləyir. Bunu iki ölkə prezidentlərinin telefon danışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev qəti şəkildə İran tərəfinə çatdırıb. İki ölkə arasındakı diplomatik əlaqələrə mənfi təsir edən hadisənin bütün qaranlıq məqamları ilə bərabər aydınlaşdırılması və cinayətkarların cəzalandırılması Azərbaycan tərəfinin haqlı tələbidir. Çünki terror aktının törədilməsinin bütün məsuliyyəti İran hakimiyyətinin üzərinə düşür. Ən nəhayət, iki ölkə arasındakı diplomatik münasibətlərin normallaşması İran tərəfinin görəcəyi tədbirllərdən asılı olacaq.

Zamir Hüseynov

Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədr müavini

Bütün xəbərlər Facebook səhifəmizdə