Azərbaycanın Tehrandakı səfirliyinə hücumun arxasında kim dayanır?

Azərbaycanın Xarici İşlər Nazirliyi ötən gün Azərbaycanın İrandakı səfirliyinə silahlı basqın edildiyi, 1 nəfərin öldüyü və 2 nəfərin yaralandığı barədə məlumat yayıb. SİA xəbər verir ki, bu barədə xarici mətbuatda bildirilib. Tehrandakı səfirliyə silahlı hücumla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi bəyan edib ki, İran “diplomatik missiyanın təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirlər görməyib” və bundan öncəki çağırışlara “lazımi həssaslıq göstərməyib”. Digər tərəfdən, İrandan hücumun ailəvi səbəblərə görə edildiyinə dair açıqlamalar gəlib. Həmçinin, İran Dövlət Televiziyası hücumçu ilə müsahibə aparıb.

Nazirlikdən verilən açıqlamada Tehran səfirliyinə hücumun şiddətlə pisləndiyi və “İran Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasından irəli gələn öhdəliyinə uyğun olaraq səfirlik və onun əməkdaşlarının təhlükəsizliyini təmin etməli olduğu” bildirilib.

Daha əvvəl də Azərbaycanın İrandakı diplomatik nümayəndəliyinə təhdidlərin edildiyini xatırladan bəyanatda "Belə halların qarşısının alınması və diplomatik nümayəndəliklərimizin təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər İranın daim gündəmində olub. Təəssüf ki, son qanlı terror aktı, bu istiqamətdə təcili çağırışlarımıza lazımi həssaslıq göstərilməməsi ciddi nəticələrə gətirib çıxarır. Biz hesab edirik ki, İranda son vaxtlar güclənən anti-Azərbaycan kampaniyası diplomatik missiyamıza qarşı bu cür hücumlara təkan verib” ifadələrindən istifadə olunub.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə