"İran həmişə Azərbaycana qarşı qeyri-səmimi münasibət bəsləyib" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Beynəlxalq Konvensiyaya görə ölkələrin digər dövlətlərdəki səfirliklərinin yerləşdiyi ərazi onun ərazisi hesab edilir və yerləşdiyi dövlət səfirliyin qorunmasına məsuliyyət daşıyır". Bu sözləri SİA-ya açıqlamasında deputat Kamilə Əliyeva deyib.

Onun sözlərinə görə, İranda Azərbaycan səfirliyinə edilən silahlı hücum, səfirliyin mühafizəçilərindən birinin ölümü və 2 nəfərin yaralanması Azərbaycanın ərazi bütövlüyünə təhdid sayılır: "Vaxtilə Qərb dövlətlərinin İrana hərbi müdaxilə üçün Azərbaycanın hava məkanından istifadə etməsinə, Azərbaycan dövləti İranı dost, qardaş dövlət adlandıraraq razılıq verməmişdir. Budurmu İrandakı molla rejiminin Azərbaycan dövlətinə minnətdarlığı? Azərbaycanın İranı özünə dost və qardaş dövlət hesab etməsi ilə bağlı çox misallar çəkmək olar".

Deputatın sözlərinə görə, təəssüf ki, İran hər zaman Azərbaycana qarşı qeyri-səmimi münasibət bəsləmişdir: "Baş vermiş bu hadisə son vaxtlar İranın siyasi dairələrində, kütləvi informasiya vasitələrində anti-Azərbaycan təbliğatının nəticəsidir. Səfirliyimizə edilən bu hücum bir daha İran rejiminin Azərbaycan dövlətinə olan münasibətinin göstərdi. Əksər islam dövlətlərinə düşmənçilik edən Ermənistanı özünə qardaş hesab edən İran, əslində, İslam dininə də hörmətsizlik nümayiş etdirir".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə