Tox olduqda niyə yemək yeyirik? - FOTOLAR

Günümüzün əhəmiyyətli bir hissəsini yemək yeməklə keçiririk. SİA xarici mətbuata istinadən xəbər verir ki, yemək yaşamaq üçün zəruri ehtiyacdır, lakin bəzən ehtiyacdan daha artıq yeyirik. Bəs ac olmadığımızda bizi yeməyə təşviq edən səbəblər hansılardır? Türkiyəli mütəxəssis dietoloq Aslıhan Küçük Budak mövzu ilə bağlı məlumat verib.

Zövqdən yeyirik
Duz, yağ və ya zərif şəkərlə zəngin qidalar "zövq mərkəzi" olan hipotalamusu stimullaşdırır. Bu qidaları görəndə və ya qoxusunu hiss etdikdə, bu qidaları yeməkdən aldığımız həzzi xatırlayırıq. Buna uyğun olaraq, ac olmasaq da yeyirik.

Yorğunluqdan yeyirik
Leptin və qrelin aclıq və toxluq hisslərini tənzimləyən hormonlardır. Leptin iştahı boğmağa çalışır, qrelin isə aclıq siqnallarını artırır. Kifayət qədər istirahət etmədiyimiz zaman bədəndə daha çox qrelin və daha az leptin ifraz olunur, bu da bədənimizin qidaya ehtiyacı olmadığı halda belə aclıq hiss etməyimizə səbəb olur.

Özümüzü məhdutlaşdırdığımız üçün yeyirik
Müəyyən qidaları yeməmək üçün özümüzü çox məhdudlaşdırdığımızda və ya arıqlamaq üçün intensiv enerji məhdudiyyətinə getdiyimiz zaman, bir müddət sonra bu məhdudiyyət hissi bizi daha çox yeməyə təşviq edir və ac olmasaq da özümüzü yemək yeyərkən görürük.

Əhval-ruhiyyəmizi yüksəltmək üçün yeyirik
Qəzəbli və ya kədərli hiss etdiyimiz zaman, emosiyalarımızdan çox diqqətimizi, yeməyə yönəltməklə əhvalımızı yaxşılaşdıra bilmək üçün yeyirik. Ancaq bu olduqca təhlükəlidir, özümüzü pis hiss etdiyimiz zaman yeməkdən xoşbəxt olmaq əvəzinə tapmacalar həll etmək, kitab oxumaq, idman etmək kimi müxtəlif fəaliyyətlərə müraciət etməliyik.

Sosiallaşmaq üçün yeyirik
Dostlarımız və ya ailəmizlə vaxt keçirmək istədikdə, planlarımıza tez-tez yemək və içməyi daxil edirik. Kofe içməyə çıxanda atmosferi daha xoş etmək üçün desert sifariş edirik və ya kinoya gedəndə popkorn alırıq. Belə vaxtlarda yemək zərurətdən daha çox sosiallaşma vasitəsinə çevrilir.

Aytac Əliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...