Astronomlar yeni ekzoplanet kəşf ediblər...

...Beynəlxalq tədqiqatçılar qrupu TESS kosmik teleskopunun məlumatlarından istifadə edərək, TOI-6038 A b təyin olunmuş yeni ekzoplanet kəşf ediblər.

SİA-nın məlumatına görə, “New Voice” xəbər verir ki, qaz nəhəngi Yerdən təxminən 578 işıq ili uzaqlıqda yerləşir və F tipli ulduzun ətrafında dövr edir.

Yeni ekzoplanet təsir edici xüsusiyyətlərə malikdir: onun radiusu Yerinkindən təxminən 6,4 dəfə, kütləsi isə planetimizinkindən 78,5 dəfə böyükdür.

Nəhəng ölçüsünə baxmayaraq, TOI-6038 A b nisbətən yüksək sıxlığa malikdir və bu, ağır elementlərdən ibarət kütləvi nüvənin mövcudluğunu göstərir.

Alimlərin fikrincə, bu ekzoplanetin kəşfi planet sistemlərinin formalaşması proseslərini başa düşmək üçün böyük əhəmiyyət kəsb edir.

TOI-6038 A b "Neptun səhrası" adlanan ərazidə, Neptun ölçülü planetlərin olduqca nadir olduğu bölgədə yerləşir.

Bu kəşf astronomlar üçün müxtəlif ulduz sistemlərində planetlərin necə əmələ gəlməsi və təkamülü ilə bağlı yeni suallar yaradır.

Ana ulduz TOI-6038 A ikili ulduz sisteminin bir hissəsidir və təxminən 3,65 milyard yaşındadır. Onun xüsusiyyətləri göstərir ki, TOI-6038 A b planeti bizim Günəş sistemindəki planetlərin əmələ gəlməsi şərtlərinə oxşar şəraitdə əmələ gəlib.

Bu ekzoplanetin gələcək tədqiqatları alimlərə planet sistemlərinin formalaşması proseslərini daha yaxşı başa düşməyə və Günəş sistemindən kənarda dünyaların müxtəlifliyi haqqında biliklərimizi genişləndirməyə kömək edəcək.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə