İnsanlara mənfi təsir edən maqnit firtinalari ilə bağlı narahatlıqlar, eləcə də müşahidə edilən həssas yanaşma təsadüfi deyil. Ona görə ki, insanlar həmin o maqnit fırtınalarının təsiri ilə əlaqədar, narahatlıqlarının əsl səbəbi, bunun mahiyyəti və vaxtı ilə bağlı bilməkdə maraqlıdırlar. İstənilən halda, müvafiq şəkildə məlumat əldə etmək, sözügedən astronomik hadisənin xarakterini dərk etmək, təsirlərinin nədən ibarət olduğunu müəyyənləşdirmək, eləcə də nə zaman baş verəcəyini proqnozlaşdırmaq və ehtiyatlı, hazırlıqlı olmaq əlbəttə ki, faydalıdır.
Məqsəd təsirlərin minimuma endirilməsi və müvafiq tövsiyyələrlə insanların narahatçılıqlarının aradan qaldırılmasına yardımçı olmaqdır
Maqnit fırtınası və ya geomaqnit qasırğası deyilən məhz günəş partlayışlarına səbəb olan mürəkkəb təbiət hadisəsidir. Fırtına çox güclü deyilsə, demək olar ki, müəyyən mənada təsirsiz, “izsiz” keçir. Lakin diqqətə çatdıraq ki, əhəmiyyətli dərəcədə olan “dalğalanmalar” insanların səhhətinə, hətta avadanlıqların, texniki vasitələrin belə işinə, işləmə proseduruna mənfi təsir göstərə bilir. Sözsüz ki, mütəxəssislər hər zaman çalışırlar ki, həmin təsirlərin minimuma endirilməsi üçün müvafiq variantlar tapsınlar, vasitələr müəyyənləşdirsinlər və hətta bacardıqca mənfi təsirləri aradan qaldırmaq üçün tövsiyyələrlə çıxış etsinlər. Təbii ki, məqsəd həmin təsirlərin minimuma endirilməsi ilə bağlı məlum olanlar barədə insanları marifləndirmək, geomaqnit qasırğalarının, maqnit fırtınalarının hansı tarixlərdə gözlənildiyi barədə proqnoz vermək və müvafiq tövsiyyələrlə insanların mümkün qədər narahatçılıqlarının aradan qaldırılmasına yardımçı olmaqdır.
2025-ci ilin yanvarında müşahidə edilən və gözlənilən maqnit fırtınaları
İnsanlar üçün əlbəttə ki, ilk növbədə haqqında qeyd olunan maqnit fırtınalarının nə zaman baş verəcəyi ilə bağlı bilməkdir. Daha dəqiq desək, hansı proqnozların verildiyi ilk növbədə diqqəti cəlb edir. Ən azından fsixoloji hazırlıq baxımından belə bir maraq sözsüz ki, başadüşüləndir. Bir sözlə, hər kəsi ən çox maraqlandıran sual odur ki, görəsən, həmin o maqnit fırtınası nə vaxt olacaq? Ona görə də ilk növbədə yanvar ayında müşahidə edilən və bu ay üçün proqnozlaşdırılan həmin o astronomik hadisələrin vaxtı ilə bağlı məlumatların daha önəmli olduğu qənaətindəyik. Bu baxımdan əvvəlcə diqqətə çatdırmaq istərdik ki, astronomların proznozlarına görə, 2025-ci ilin yanvar ayınının əvvəlində və sonunda müxtəlif intensivlikdə maqnit qasırğaları gözlənilir.
Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının və Günəş-Yer Fizikası İnstitutunun saytında və hər həs üçün əlçatan olan digər mənbələrdəki məlumatlara əsasən, yanvar ayında artıq baş verən və bundan sonrakı gözləntilər barədə qeyd olunub. İlk öncə diqqətə çatdıraq ki, həmin mənbələrdə qeyd olunduğuna əsasən, cari ilin, bu ilin yanvar ayının əvvəlində, daha dəqiq desək, 1 yanvar tarixində G3 səviyyəli güclü maqnit qasırğası, 3 yanvar tarixində Quadrantids “meteor yağışı”, 5 və 6 yanvar tarixlərində intensivliyi 4-5 bal olan maqnit qasırğaları, yanvarın 11-də mülayim maqnit qasırğası, 12 və 13 yanvarda maqnitosferin gərginləşməsi artıq qeydə alınıb. Belə astronomik hadisələrin bundan olacağı gözlənilir. Daha doğrusu proqnozlaşdırılır. Beləki, 16 yanvar tarixində Marsın qarşıdurması, yəni planetin Yerə münasibətdə Günəşin əksinə olacağı bildirilir. Həmçinin 17 və 19 yanvar tarixində 4-5 bal gücündə maqnit qasırğası proqnozlaşdırılır. Rusiyanın Tətbiqi Geofizika İnstitutunun direktor müavini Vadim Kolomin bildirib ki, Günəş aktivliyinin pik nöqtəsi 2025-ci ildə gözlənilir və Yer kürəsinə təsirsiz ötüşməyən maqnit qasırğaları və günəş partlayışları ilə bağlı hadisələr normal gedişatıdır, amma xüsusi təsirləri də danılmazdır. “Biz başa düşməliyik ki, texnologiya və elektronikanın intensiv inkişaf etdiyi çağımızda maqnit qasırğalarının kifayət qədər ciddi nəticələri, təsirləri var”, deyə alim qeyd edib.
Maqnit fırtınalarının təsnifatı
Maqnit fırtınaları günəşdə olan partlayışlar nəticəsində Yerin maqnit sahəsinin əhəmiyyətli dərəcədə pozulmasıdır. Pozuntular bütün Yer kürəsində eyni vaxtda müşahidə olunur və bir neçə saatdan bir neçə günə qədər davam edir. Mütəxəssislər gücündən asılı olaraq maqnit qasırğalarını beş sinə bölürlər. Beləki, G1, məsələn, zəif hesab olunur və insanlara təsirsiz keçir, elektrik cihazları üçün də zərərsizdir. G2 isə orta dərəcəlidir və gərginlik artımlarına səbəb olar, hansıki peyklərin işinə də təsir göstərə bilər. Həmçinin şimal enliklərində qütb parıltılarına da səbəb olma ehtimalı da var. Belə bir fırtına zamanı məhz dəyişikliklərə həssas olan insanlar çox güman ki, özlərini bir qədər pis hiss edə biklərlər. Bununla belə, diqqətə çatdıraq ki, G3 güclü hesab olunur və elektrik şəbəkələrinin işinə təsir edir, peyk naviqasiyası, eləcə də radionun işini çətinləşdirir. Qan təzyiqi və ürək problemlərindən əziyyət çəkən insanlar bu zaman profilaktik tədbirlər görməlidirlər. G4 isə çox güclü sayılır və gərginliyin artımlarına səbəb olur və hətta naviqasiya sistemlərinə belə zərər verə bilər. Onu da qeyd edək ki, daha təsirli olan G5 son dərəcə güclü fırtınadır. Bu, elektrik sistemlərinin tamamilə bağlanmasına, həmçinin radio rabitə cihazlarının və peyklərin sıradan çıxmasına belə səbəb ola bilər.
Maqnit fırtınalarının təsirləri və təsirə məruz qalmalar
Elm hələ də maqnit qasırğalarının hər hansı bir xəstəliyə ciddi təsir etdiyini sübut edə bilməyib. Bununla belə, bir çox mütəxəssislər geomaqnit qasırğalarının, dalğalanmaların insanın rifahına təsir etdiyinə əmindirlər, lakin bununla yanaşı onu da qeyd edirlər ki, həmin qasırğalar hər kəsə fərqli təsir göstərir. Məsələn, Rusiya fəaliyyət göstərən kardioloq Polina Kontsedailo bildirib ki, insanlar ən çox baş ağrısı, əsəbilik, sürətli ürək döyüntüsü, oynaq ağrıları, halsızlıq və yuxusuzluqdan şikayət edirlər. Onun sözlərinə görə, geomaqnit pozğunluqları bəzən hətta xüsusilə güclü şəkildə hiss edilə də bilər. O, qeyd edib ki, ürək və qan-damar problemlərindən əziyyət çəkən insanlar, xroniki xəstəlikləri olan xəstələr, yaşlı insanlar, meteohəssas insanlar, yuxu və istirahət rejimini pozanlar, kəskin və ya xroniki stress altında olanlar daha çox təsirə məruz qala bilirlər. Bir çox mütəxəssislərin qeyd etdiyi kimi, maqnit fırtınaları zamanı qan damarlarına və ürəyə düşən yük artır. Bir çox mütəxəssislərə görə, bədənimizin hüceyrələrinin müəyyən bir elektrik yükü var və buna görə də onların maqnit qasırğalarına reaksiya vermələri gözləniləndir.
Daha az təsirə məruz qalmaq, mənfi təsirləri minimuma endirmək üçün tövsiyyələr
Maqnit fırtınaları sağlamlığa ciddi təhlükə yaratmasa da, müəyyən gərginlik və sıxıntıların səbəbi hesab olunur, gərginlik, eləcə də narahatlıqlar törədir. Xatırladaq ki, insanlar üçün əlverişsiz hesab olunan günlərə “dözməyi” asanlaşdırmaq, daha doğrusu, insanların dözümlü olmaları üçün həkimlər bir neçə qaydaya əməl etməyi məsləhət görürlər və bir sıra tövsiyyələr verirlər. Məsələn, ilk növbədə bol maye qəbul etməyi, xüsusən də su içməyi məsləhət görürlər. Maqnit fırtınalarının olduğu günlərdə ələlxüsus, spirtli içkilərin qəbulu, siqaretdən uzaq olma və zərərli qidaların istehlakını məhdudlaşdırmaq tövsiyyə olunur. Xüsusən də, bu baxımdan məhz qarşıda gözlənilən maqnit fırtınaları üçün proqnozları izləməyin fayda verəcəyi qənaətindədirlər. Mütəxəssislər belə bir qənaətdədirlər ki, proznozları izləmək fəaliyyəti daha yaxşı planlaşdırmağa və bədəni öncədən hazırlamağa imkan verə bilir.
Mütəxəssislər qeyd edirlər ki, yuxu normalarına da riayət edilməlidir və vaxtında yatmağa çalışmaq, istirahət üçün rahat şəraitlə təmin olunmaq əsas şərtlərdəndir. Həmçinin stressdən və mənfi emosiyalardan uzaq olmaq tövsiyyə edilir. Xüsusən də, qan təzyiqini izləməyin, bütün lazımi dərmanların, preparatların və suyun insanların yananda olmasının doğru addım olması qeyd edilir. Müxtəlif istirahətlər, ruhi tənzimləmə üsulları, məsələn, yoqa, meditasiya, eləcə də tənəffüs sistemi ilə bağlı məşqlər daha az təsirə məruz qalmaq üçün məqsədəuyğun sayılır. Eyni zamanda, lazım gəldikdə həkimə müraciət etməyi mütəxəssislər ciddi şəkildə tövsiyyə edirlər. Ələlxüsus, meteohəssas insanların və xroniki xəstəlikləri olan xəstələrin lazım olduğu təqdirdə həkimlə əlaqə saxlamaları, yaxud, məsləhətləşmələr üçün müraciət etmələri xüsusi olaraq nəzərdə tutulur və tövsiyya olaraq bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə