Sən demə, insanın bədən istiliyi 36,6 dərəcə Selsi deyilmiş..?

...Gərək ki, Bakıda “36,6 dərəcə” adlı aptek var. Bu gün başqa ünvana-filana köçməyibsə, yerini tanıyırm da...

Maraqlıdır, görən həmən aptek sahibi bu yazını oxuyandan sonra aptekinin adını dəyişəcəkmi?

...Deməli, insan bədən istiliyinin orta hesabla 36,6 dərəcə Selsi olduğu düşünülür. Lakin alimlərin yeni araşdırmasına görə, bu, artıq belə deyil.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, insanların orta bədən temperaturu aşağı düşür və 19-cu əsrdə müəyyən edilmiş çoxdan mövcud olan standartdan uzaqlaşır. Stenford Universitetinin alimləri təxminən iki əsrlik məlumatları təhlil edərək əldə etdikləri nəticələri paylaşıblar.

Komanda xəstəlikdən təsirlənən məlumatları aradan qaldırmaq üçün maşın öyrənmə alqoritmlərindən istifadə edib. Tədqiqatın aparıcı müəllifi Dr. Julie Parsonnetin sözlərinə görə, tədqiqatçılar həmçinin 2008-2017-ci illər arasında böyüklər xəstələrindən götürülmüş 618 306 ağız temperaturu ölçmə məlumatlarını işləyiblər.

Alimlər müəyyən ediblər ki, normal insan bədən istiliyi 36,2°C ilə 36,8°C arasında dəyişir, buna görə də ümumi qəbul edilən dəyər çox yüksək ola bilər.

...Parsonnet qeyd edib ki, dünyanın əksər həkimləri hələ də 36,6°C-ni normal hesab etsə də, yeni araşdırma bunu təkzib edir.

Belə çıxır ki, norma hər bir şəxsdən və vəziyyətdən asılıdır. Üstəlik, orta temperatur indi nadir hallarda 36,6 ° C-dir. Alimlərin öyrəndiyi kimi, ABŞ-da insanların orta bədən temperaturu ən azı 0,05°C azalıb.

Parsonnet bunun əhalinin həyat şəraitinin və sağlamlıq vəziyyətinin yaxşılaşması ilə bağlı olduğunu ehtimal edir. Başqa sözlə desək, müasir insanlar fizioloji cəhətdən keçmişdəki insanlardan fərqlidirlər.

Orta temperaturun dəyişməsi, insanın normal temperatur diapazonunda dəyişə bilən qızdırma kimi şərtlərin diaqnozu üçün vacibdir.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə