Süd Yolu qalaktikasında bir-birinə çox yaxın iki yeni ulduz kəşf edilib

Süd Yolu qalaktikasının mərkəzində yerləşən yüksək kütləli qara dəliyin ətrafında bir-birinə çox yaxın iki ulduz aşkar edilib.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Qalaktikanın mərkəzində yerləşən və "Sagittarius A" adlanan qara dəliyin ətrafında iki ulduz tapan alimlər ulduzların qara dəliyə yaxınlığı səbəbindən təəccübləndiklərini bildiriblər. Tədqiqatçılar “Sagittarius A”ya bu qədər yaxın olan ulduzların belə güclü cazibə sahəsinə baxmayaraq mövcudluqlarını davam etdirə bilməsini "adi olmayan bir hal" kimi qiymətləndiriblər.

Ulduzların təxminən 2,7 milyon il yaşı olduğunu qeyd edən alimlər bir-birinin orbitində dövr edən bu iki ulduz arasındakı məsafəyə də diqqət çəkiblər. Onlar ulduzların bir-birindən daha uzaq olacaqları təqdirdə qara dəliyin cazibə qüvvəsi səbəbindən parçalanmış, daha yaxın olacaqları halda isə tək bir ulduz kimi birləşmiş ola biləcəklərini ifadə ediblər.

Almaniyadakı Köln Universitetinin elmi işçisi Floryan Peysker (Florian Peissker) dəqiq vaxt məlum olmasa da, iki ulduzun nə vaxtsa birləşəcəyini bildirib.

Araşdırmanın məqaləsi "Nature Communications" jurnalında dərc edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə