Albaniya, Şimali Makedoniya və Serbiyanın müqayisəli təhlili...

Qərbi Balkan regionu ölkələrindən gənclərin köçünün dayandırılması və onların geri qaytarılması çətin olacaq. Bu barədə “Miqrasiya və beyin axını: Albaniya, Şimali Makedoniya və Serbiyanın müqayisəli təhlili” adlı araşdırma hesabatında bildirilir.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, hesabatda deyilir ki, Avropa İttifaqı dövlətlərinə gənclərin beyin axını Qərbi Balkan ölkələrində ən böyük problemlərdən biridir. Gələcək onilliklərdə bacarıqlı və təhsilli gənc əhalinin yarısının bu ölkələri tərk edəcəyi proqnozlaşdırılır. Həmin ölkələrdən olan bacarıqlı gənclərin köçünü dayandırmaq və geri qayıtmaq istəyən insanlar üçün daha yaxşı dəstək proqramları həyata keçirmək zəruridir.

Qeyd olunur ki, gənclər bu ölkələri yalnız aşağı əməkhaqqı və iqtisadi problemlərə görə deyil, həm də təhlükəsizliyin olmaması, cinayət, siyasi qeyri-sabitlik və digər səbəblərə görə tərk edirlər.

Hesabatda gənc miqrantların öz ölkələrinə necə cəlb edilməsinə diqqət yetirilir. Serbiya və Şimali Makedoniyadakı respondentlər geri qayıtma ehtimalı ilə bağlı bədbinlik ifadə ediblər. Lakin güclü ailə münasibətləri bunun üçün əsas amil olaraq qalır. Serbiyanı tərk edənlər əsasən gənc və bacarıqlı şəxslərdir. Mühacirət edənlərin orta yaşı 28,7-dir.

Aparılan sorğu nəticəsində məlum olub ki, Serbiyalı gənclərin 64,5 faizi şans veriləcəyi təqdirdə, mühacirət edəcəklər. Onlar əsas səbəblər kimi rahat gələcək təmin etmək (22,7 faiz), yüksək əməkhaqqı (20,1 faiz) və daha yaxşı yaşayış səviyyəsini (19,6 faiz) göstəriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə