Qatlanabilən yataq necə yarandı?

İstəkli dinləyicilər, “Həyatı asanlaşdıran təsadüflər” rubrikamızda bu gün sizə qatlanabilən yatağın yaranmasından bəhs edirik. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Yuxusuzluq müasir dövrün ən mühüm problemlərindən biridir. Xüsusilə böyük şəhərlərdə yaşayan adamlar gündəlik problemləri ilə mübarizə apararkən gün ərzində itən enerjilərini yenidən bərpa etmək və yeni günə gümrah başlamaq istəyirlər. Lakin çox vaxt bu arzuları müxtəlif səbəblərdən alınmır. Belə ki, insan orta statistik ömrünün 26 ilini yuxuda keçirir və yalnız yatmağa çalışmaq üçün sərf olunan vaxtın təxminən 7 il olduğu hesablanıb. Mütəxəssislər yataq seçimlərinin yuxu rejimində çox böyük əhəmiyyət daşıdığına diqqət çəkir. Rahat və geniş bir çarpayıda yatmaq, xüsusilə ailə böyük və yaşayış yeri kiçikdirsə, ciddi bir problemdir. Bu problem günümüzdə hava yataqları, qatlanan və ya divara sabitlənən gizli çarpayılarla həll edilir. Bəs ev həyatını olduqca asanlaşdıran qatlanan və ya gizli çarpayıların ixtirası necə baş verdi?

1885-ci il tarixində Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhəri xüsusilə Avropadan gələn və fərqli bir həyat axtarışında olan miqrantların axını altında idi. Bu miqrant axını şəhərdə yaşayış problemini ciddi bir məsələyə çevirmişdi. Fikrə gələn ilk həll yeni binaların hündür mərtəbəli tikilməsi oldu. Lakin Nyu-York Bələdiyyəsi çoxmərtəbəli binalara məhdudiyyət qoyan hüquqi tənzimləmə həyata keçirəndə davam edən miqrant axını yaşayış sahələrini daha da məhdudlaşdırdı. Artıq insanlar ortaq tualetləri olan bir otaqlı mənzillərdə yaşamaq məcburiyyətində idilər və bu evlərdə hər kvadratmetr çox böyük əhəmiyyət daşıyırdı. Xüsusilə şəhər mərkəzində yaşayan subaylar dostlarını evlərinə dəvət edə bilməməkdən şikayətlənirdilər. Çünki o dövrdə istər kişi, istərsə də qadın olsun, ev sahibinin yatağının olduğu bir otağa qonağın girməsi düzgün sayılmırdı.

Şəhərin ən yaxşı dülgərlərindən biri hesab olunan Sara Quud (Sarah Goode) müştərilərindən gələn bu şikayətlər əsasında işləməyə başladı. Əvvəlcə yatağın taxta çərçivəsini daraltmağa çalışdı, lakin kiçik yataq ideyası müştərilər tərəfindən qəbul görmədi, çünki istənilən yatağın tamamilə yox olması idi. Mexanizmi yaratmaqda çətinlik çəkən Sara ixtirası üçün ilhamı eskizlərini hazırladığı qatlanabilən iş masasından aldı. Belə ki, masa qatlana bilirsə, yataq da qatlana bilərdi. İşini bu istiqamətdə cəmləşdirən Quud nəhayət məqsədinə çatdı. O, ixtiraçısı olduğu ilk qatlanan çarpayı üçün 14 iyul 1885-ci ildə patent aldı, lakin o dövrdən günümüzə qədər həyatımızı asanlaşdıran bu təsadüfi ixtiraya adını verə bilmədi. Çünki illər sonra və Nyu-Yorkdan minlərlə kilometr uzaqda San-Fransisko şəhərində yaşayan opera sənətçisi Uiliam Lorens Mörfi (William Lawrance Murphy) bənzər bir məntiqdə fərqli bir ixtira etdi. O, opera nümayişlərindən əvvəl bir otaqlı mənzilində qadın sənətçi dostları ilə məşq etmək istəyirdi, ancaq dövrün əxlaq qaydaları buna icazə vermirdi. Çünki Mörfinin evi həm də yataq otağı idi. Bu məsələni düşünməyə başlayan sənətçi yataq otağını qonaq otağına çevirmək üçün divarın içərisinə doğru qatlanan və tamamilə yox olan bir yataq sistemi inkişaf etdirdi və yeni ixtirasının dərhal patentini aldı. Bu patent hüququ Uiliam Lorens Mörfiyə operada qazana bilmədiyi sərvəti mebel istehsalı ilə qazanmaq imkanı yaratdı.

Məhdud sahəsi olan evlərdə böyük rahatlıq təmin edən bu çarpayı modelləri ABŞ-dakı böyük şəhərlərdə Mörfi yatağı adı ilə sürətlə yayıldı. Hətta bu termin müxtəlif şirkətlər tərəfindən o qədər çox istifadə olunmağa başladı ki, 1989-cu ildə ticarət markası qorunması ləğv edildi. Bu gün mənzillərin getdikcə genişlənməsi və eyni evdə yaşayan ailə üzvlərinin sayının azalması divar içində yox olan çarpayıya ehtiyacı azaldıb, lakin bu təsadüfi ixtiranın təxminən yüz il boyunca ev mebel sektoruna damğa vurduğunu unutmaq olmaz.

Bütün xəbərlər Facebook səhifəmizdə