İyunun 28-də Cənubi Koreyada ölkədə yaşın hesablanması üçün beynəlxalq sistemlə eyni qaydalar tətbiq edən qanun rəsmi olaraq qüvvəyə mindi, beləliklə, “Koreya yanaşması” ləğv edildi. Bu hesabla Cənubi koreyalılar indiyə qədər düşündüklərindən 1, ya 2 il cavan olacaqlar.
SİA-nın əldə etdiyi məlumata görə, Cənubi Koreyada gündəlik həyatda və rəsmi sənədlərdə “Koreya üsulu” adlanan yaş hesablanmasından istifadə edilirdi. Yəni körpə doğulanda 1 yaşı tamam olurdu, yəni ananın hamiləlik dövrü də yaşa əlavə olunurdu. O, ad günündə deyil, yeni təqvim ilinin əvvəlində yaş qazanırdı. Bu yanaşmaya görə dekabrın 31-də doğulan körpənin artıq yanvarın 1-də iki yaşı olurdu.
Qanunlara edilən dəyişikliklər yaşın hesablanmasında müxtəlif üsulların paralel tətbiqi nəticəsində inzibati-hüquqi sahədə çaşqınlığı minimuma endirmək üçün nəzərdə tutulub.
"Beynəlxalq sistemin tətbiqi ilə təmin edilən vahidlik müxtəlif üsullardan istifadə nəticəsində yaranan lazımsız ictimai mübahisələrin sayını azaldacaq", - deyə dövlət hüquq naziri Li Van Gyu bildirib.
Amma ənənəvi və beynəlxalq metodların paralel tətbiqi əmək mübahisələri, sənədlərin hazırlanması və müqavilələrin bağlanmasında anlaşılmazlıqlara səbəb olub. İndi bəzi istisnalarla beynəlxalq yanaşmanın tətbiqi nəzərdə tutulacaq.
Eyni zamanda, hakimiyyət məktəbə daxilolma yaşı, orduya çağırış, tütün və spirtli içkilərin alınmasına qoyulan məhdudiyyətlərlə bağlı köhnə qaydaları saxlamaq qərarına gəlib.
Cənubi Koreya parlamenti müvafiq düzəlişlərə hələ 2022-ci ilin dekabr ayında səs verib. Bu dəyişikliklər həm də hazırkı prezident Yun Sok Yolun seçki kampaniyasının bir hissəsi idi.
Bütün xəbərlər Facebook səhifəmizdə