COVİD-19 pasportu nə üçündür? - ÜSTÜNLÜKLƏRİ - HƏKİM AYDINLIQ GƏTİRDİ

“Covid-19 pasportunun tətbiq olunması iki doza peyvənd almış insanların həm rahatlıqla ictimai məkanlarda, həm məhdudlaşma tələb olunan yerlərdə rahatlıqla hərəkətini, həm də özlərinin asudə vaxtlarını keçirmək üçün idman zallarına, ictimai iaşə məkanlarına və digər mərkəzlərə daxil olmasını asanlaşdırır”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı, həkim Müşviq Məmmədli deyib.

Onun sözlərinə görə, bu pasport insanların bir-biri ilə təması zamanı yoluxma riskinin aradan qaldırılmasına səbəb olur: “Çünki, Covid-19 pasportunun tətbiqi bir növ müsbət mənada müxtəlif təlimatlardan və o cümlədən də, vaksinasiya olunmayanların motivasiyasını təmin edəcək. Bu pasportla həm hərəkət, həm də bizim arzuladığımız fəallıq daha da rahatlaşır. İkinci məsələ bundan ibarətdir ki, artıq uzun zamandır səyahət istiqamətində insanlar müxtəlif qarşıdurma ilə qarşılaşırlar. Bu istər xarici ölkələrə səfərdə, istərsə də hava nəqliyyatından istifadə etdikdə olur. Həmçinin, ölkədaxili nəqliyyatın hərəkətində də Covid-19 pasportunun önəmi olacaq. Çünki, bu pasportun tətbiqi insanların təhlükəsizliyinə əminliyi artırır və digər mərhələlərdə daha da yumşaldılmalara gətirib çıxaracaq. Çünki, vaksinasiya olunmuş insanların artması peyvənd olunmayanlara motivasiyadır”.

Deputat sözlərinə belə davam edib: “Artıq, hər bir insan normal həyat fəaliyyətinə qayıtmaq istəyir. Vaksinasiya olunmaq insanların iş fəaliyyətinin tənzimlənməsində də rol oynayır. Bu insanlar asanlıqla öz fəaliyyətlərinə davam edəcək. Bunun üçün pasportun alınması vacibdir və mühümdür”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə