"Azad edilmiş ərazilərdə kiçik biznesin və fermer təsərrüfatlarının yaradılması davam edir" - ŞƏRH EDİLDİ

"Azad edilmiş ərazilərdə kiçik biznesin və fermer təsərrüfatlarının yaradılması davam edir" - ŞƏRH EDİLDİ

"Böyük Qayıdış prosesini bir neçə mərhələyə bölmək olar və həmin mərhələlərin əksəriyyəti uğurla icra olunub".

Bunu SİA-ya açıqlamasında Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov deyib.

Onun sözlərinə görə, birinci və ən vacib mərhələ ərazilərin minalardan təmizlənməsidir. Bu proses hələ də davam etsə də, işğaldan azad edilmiş ərazilərin əksər strateji istiqamətləri, şəhərləri, giriş yolları və əsas magistralları minalardan təmizlənib:

"İkinci mərhələ infrastrukturun bərpası idi. Buraya yolların çəkilməsi, elektrik enerjisi, su və digər təchizat sistemlərinin yaradılması daxildir.

Üçüncü mərhələ tikinti işləri ilə bağlıdır. Bu mərhələdə yaşayış evləri, məktəblər, digər infrastruktur obyektləri və yeni iş yerlərinin yaradılmasına xidmət edən müəssisələr inşa olunur. Bu da olduqca vacib mərhələdir.

Artıq məcburi köçkünlərin tədricən öz doğma yurdlarına qayıtdıqlarının şahidi oluruq. Burada əsas məsələ yalnız yaşayış şəraitinin yaradılması, evlərin tikilməsi, su, qaz və elektrik enerjisi ilə təminat deyil, həm də insanların məşğulluğunun təmin olunmasıdır.

Hazırkı mərhələdə bu, əsas və prinsipial məsələlərdən biridir. İstər kənd təsərrüfatı sahəsində kiçik biznesin və fermer təsərrüfatlarının yaradılması, istərsə də sənaye komplekslərinin fəaliyyətə başlaması istiqamətində işlər davam etdirilir.

Bu mərhələnin də uğurla həyata keçirilməsi ilə məcburi köçkünlərin doğma yurdlarına qayıdış prosesi, şübhəsiz ki, daha geniş vüsət alacaq".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə