“Qızların təhsilinə dəstək layihəsi çərçivəsində 730 nəfər faydalanıb” - Bahar Muradova
Qızların təhsil imkanlarının genişləndirilməsi və akademik uğurlarının dəstəklənməsi istiqamətində həyata keçirilən layihələr çərçivəsində indiyədək 730 qız müxtəlif proqramlardan yararlanıb.
SİA xəbər verir ki, bunu Milli Məclisin deputatı Bahar Muradova jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, universitetlərin, ictimai qurumların, mətbuatın, xüsusilə də iş adamlarının və özəl sektorun layihəyə cəlb olunması onun qısa müddətdə geniş maraq qazanmasına səbəb olub. Layihə qızlar, onların ailələri və qadınların təhsilinin inkişafında maraqlı olan tərəflər tərəfindən dəstəklənir.
B.Muradovanın sözlərinə görə, qızlara təqdim edilən Hənifə Məlikova-Zərdabi təqaüd proqramından 230 nəfər yararlanıb. Layihənin davamlılığını təmin etmək məqsədilə universitetlərdə təqaüdçülərdən ibarət qruplar formalaşdırılır, məzunlar şəbəkəsi yaradılır.
Deputat qeyd edib ki, təhsil göstəriciləri yüksək olsa da, iqtisadi çətinliklərlə üzləşən qızların dəstəklənməsi üçün Hacı Zeynalabdin Tağıyev adına yeni təqaüd proqramı da təsis edilib. Bu il ilk dəfə olaraq 22 qız həmin proqramdan faydalanıb. Gələn il isə həssas ailələrdən olan qızların da proqramdan yararlanması üçün fəaliyyətin genişləndirilməsi nəzərdə tutulur.
O əlavə edib ki, layihəyə orta məktəb şagirdlərinin də marağı artır. Bu baxımdan, ailələrə universitetə qəbul və abituriyent hazırlığı istiqamətində dəstəyin göstərilməsi də həyata keçirilən və gələcək üçün planlaşdırılan fəaliyyətlər sırasındadır.
B.Muradova əldə olunan nəticələrin layihənin genişlənməsi üçün böyük imkanlar yaratdığını və gələcəkdə daha çox qızın təhsilinə dəstək göstərilməsinin nəzərdə tutulduğunu bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB