“Multikulturalizm və dini dözümlülük Azərbaycanın strateji dövlət siyasətidir” - KOMİTƏ SƏDRİ
Azərbaycan multikulturalizmi və dini dözümlülüyü strateji dövlət siyasəti səviyyəsinə yüksəldib. Dini abidələrin bərpası, dinlərarası dialoqun təşviqi və dini etiqad azadlığının qorunması ölkənin sülh və birgəyaşayış siyasətinin əsas istiqamətlərindəndir.
SİA xəbər verir ki, bunu Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Dinlərarası dialoq: ortaq gələcəyə doğru yol xəritəsi” adlı plenar sessiyada deyib.
O bildirib ki, uzunmüddətli münaqişədən çıxmış ölkə kimi Azərbaycan sülhün əhəmiyyətini və mədəni-mənəvi irsin itirilməsinin doğurduğu ağrıları yaxşı anlayır. Bu baxımdan işğaldan azad edilmiş ərazilərdə bərpa prosesinə dini abidələrdən başlanılması ölkənin tarixi və mədəni irsin qorunmasına sadiqliyinin göstəricisidir. Azərbaycanda dini mənsubiyyətindən asılı olmayaraq bütün dini abidələrin bərpasına həssaslıqla yanaşılır.
Komitə sədri qeyd edib ki, dini irsin qorunması yalnız tarixi abidələrin bərpası deyil, həm də mədəni kimliyin yenidən qurulması, sosial yaraların sağaldılması, regional sabitliyin və qarşılıqlı etimadın möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir.
R.Məmmədovun sözlərinə görə, 2024-cü ildə COP29 çərçivəsində keçirilən “Dünya dinləri yaşıl planet uğrunda” Dünya Dini Liderlərinin Qlobal Bakı Sammiti dövlət və dini liderlər arasında əməkdaşlığın bəşəriyyətin ortaq gələcəyi naminə mühüm imkanlar yaratdığını nümayiş etdirib.
O vurğulayıb ki, uzunmüddətli sabitlik yalnız dözümlülük çağırışları ilə təmin edilə bilməz. Bunun üçün dini etiqad azadlığını qoruyan, radikallaşmanın qarşısını alan və müxtəlif dini icmaların dinc birgəyaşayışını dəstəkləyən institusional mexanizmlər vacibdir. Azərbaycanın multikulturalizm modeli də hüquqi və konstitusion təminatlara, dövlət-din münasibətlərinin sistemli idarə olunmasına, eləcə də radikalizm və rəqəmsal qütbləşmə ilə mübarizəyə əsaslanır.
Komitə sədri bildirib ki, Azərbaycanda dini etiqad azadlığının qorunmasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, dini kadrların hazırlanmasında Azərbaycan İlahiyyat İnstitutu, dinlərarası harmoniyanın təşviqində isə Qafqaz Müsəlmanları İdarəsi mühüm rol oynayır. “AMİN” Gənc Könüllülər Platforması kimi təşəbbüslər də gənclərin sosial həmrəylik və dinlərarası dialoq prosesində iştirakını gücləndirir.
R.Məmmədov əlavə edib ki, dövlət müsəlman və qeyri-müsəlman dini icmalarına dəstək göstərməklə yanaşı, dünyəvi idarəçilik prinsiplərini və vicdan azadlığını qorumağa xüsusi önəm verir.
O qeyd edib ki, davamlı sülhün təmin edilməsi hökumətlərin, dini liderlərin, vətəndaş cəmiyyətinin və beynəlxalq qurumların birgə əməkdaşlığını tələb edir. Bu əməkdaşlıq ortaq irsin qorunması, onlayn qütbləşməyə qarşı mübarizə, qarşılıqlı hörmətin təşviqi və insan ləyaqətinin qorunması istiqamətlərini əhatə etməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB