"Bərdə sakinləri yaşadıqları itkiləri unutmur, şəhidlərimizin xatirəsini ehtiramla yad edirlər" - DEPUTAT

"Bərdə sakinləri yaşadıqları itkiləri unutmur, şəhidlərimizin xatirəsini ehtiramla yad edirlər" - DEPUTAT

"Vətən müharibəsinin 33–34-cü günlərinə doğru Ermənistan hərbi meydanda məğlub olduğunu dərk etməyə başlamışdı. İlk növbədə, Ohanyan müdafiə xəttinin sürətlə yarılması, strateji yüksəkliklərin itirilməsi, Azərbaycan Ordusunun Ali Baş Komandanın rəhbərliyi ilə nümayiş etdirdiyi güc, iradə, qətiyyət və yenilməzlik, heç şübhəsiz ki, erməni hərbi birləşmələrini xaotik vəziyyətə salmışdı. Birinci Qarabağ müharibəsi dövründə formalaşdırılmış hərbi müdafiə sistemi dağılırdı".

Bu sözləri Milli Məclisin deputatı, Sosial Tədqiqatlar Mərkəzinin sədri Zahid Oruc SİA-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, İnformasiya vasitələrinə ötürülən məlumatların böyük əksəriyyəti həqiqəti əks etdirmir, daha çox Ermənistan cəmiyyətini nəzarətdə saxlamağa xidmət edirdi. Yaxşı xatırlayırıq ki, Qarabağdakı hərbi rəhbərliyi dəyişdirmək cəhdləri də olmuşdu:

"Eyni zamanda, Ermənistanın siyasi hakimiyyəti daxilində ciddi parçalanmalar və qarşıdurmalar dərinləşirdi. Bütün bunlar sanki Birinci Qarabağ müharibəsi dövründə müşahidə olunan proseslərin əks istiqamətdə təkrarlanaraq İrəvana doğru irəlilədiyini göstərirdi.

Digər tərəfdən, Azərbaycan Ordusunun bütün qüvvələri hələ döyüşlərə tam şəkildə cəlb edilmədiyi şəraitdə müxtəlif hərbi birləşmələrimizin, xüsusilə xüsusi təyinatlı qüvvələrimizin önə çıxması və nümayiş etdirdiyi yeni döyüş taktikaları qarşı tərəfi çıxılmaz vəziyyətə salırdı.

Pilotsuz uçuş aparatlarının və dronların kütləvi tətbiqi, “Bayraktar” sistemlərindən, “LORA” raketlərindən və digər müasir texnoloji vasitələrdən səmərəli istifadə Azərbaycan Ordusuna mürəkkəb relyefi aşmaq, düşmənin müdafiəsinin dərinliyinə nüfuz etmək və dəqiq zərbələr endirmək imkanı verirdi.

Ölkə rəhbəri, Ali Baş Komandan qətiyyətli lider kimi həm informasiya məkanında, həm diplomatik cəbhədə, həm də dövlətlərarası münasibətlər çərçivəsində Azərbaycanın mövqeyini müdafiə edirdi. Ən başlıcası isə, hərbi meydanda baş verən hadisələr barədə xalqı ardıcıl məlumatlandırırdı.

Biz bunun şahidi olduq ki, azad edilən ərazilərimiz haqqında bir-birinin ardınca yayılan xəbərlər xalqımızda böyük coşqu yaratmışdı. Milli birlik özünün ən yüksək səviyyəsinə çatmışdı.

Gəncə və Bərdəyə hücumlar: mülki əhaliyə qarşı terror və xalqın iradəsi

Məhz həmin dövrdə Ermənistan müharibənin coğrafiyasını genişləndirmək üçün son dərəcə təhlükəli addımlara əl atdı. Gəncəyə və Bərdəyə endirilən zərbələr mülki əhali arasında qorxu yaratmaq, cəmiyyətdə təşviş doğurmaq, arxa cəbhədə ruh düşkünlüyü yaratmaq və Azərbaycan xalqının iradəsini sarsıtmaq məqsədi daşıyırdı.

Bu hücumların mülki əhalinin həyatına və təhlükəsizliyinə ağır zərbə vurduğu danılmazdır. Bərdə 2020-ci il oktyabrın 28-də dəhşətli raket hücumuna məruz qaldı və bu hücum nəticəsində azyaşlı uşaqlar da daxil olmaqla mülki şəxslər həyatını itirdi.

Nəzərə almalıyıq ki, 1990-cı illərin ağır dövründə yüz minlərlə qaçqın və məcburi köçkünü qəbul edən Azərbaycan cəmiyyəti bu sınaq qarşısında da qətiyyət nümayiş etdirdi. Hesab edirəm ki, Bərdə əhalisinin göstərdiyi iradə, dözüm və yenilməzlik müharibə dövründə xalqımızın birliyinin qorunmasında mühüm rol oynadı.

Bərdə sakinləri, xalqımızın digər nümayəndələri kimi, bu hücumların məqsədini anlayırdılar. Mülki insanların sıx olduğu ərazilərə, o cümlədən ticarət obyektlərinin yerləşdiyi məkanlara zərbələr endirilməsi cəmiyyətdə qorxu və panika yaratmağa xidmət edirdi. Lakin itkilərə və ağır yaralanmalara baxmayaraq, insanlar mübarizənin davam etdirilməsinə və qələbənin əldə olunmasına inamlarını qoruyub saxladılar.

Bu hadisələrin beynəlxalq mediada işıqlandırılması da mülki əhaliyə qarşı hücumların nəticələrini dünya ictimaiyyətinə çatdırmaq baxımından əhəmiyyətli idi.

Xalqın iradəsi və birliyi ön cəbhədə döyüşən əsgərlərimizə əlavə güc verirdi. Azərbaycan Ordusu düşmənin hərbi infrastrukturuna qarşı əməliyyatlarını davam etdirirdi. Ermənistanın hərbi imkanlarına ciddi zərbələr endirilməsi müharibənin gedişatına təsir göstərən amillərdən biri idi.

Gəncə və Bərdəyə hücumlarla Azərbaycan cəmiyyətində parçalanma yaratmaq, dövlət rəhbərliyinə təzyiq göstərmək və müharibənin dayandırılmasına nail olmaq niyyəti güdüldüyü qənaətindəyəm. Lakin bu plan gözlənilən nəticəni vermədi. Əksinə, xalqın qələbəyə inamı daha da gücləndi, səfərbərlik əhval-ruhiyyəsi artdı.

Xalq birliyi və Zəfərə aparan yol

Bu hücumları həyata keçirən qüvvələrə qarşı cəmiyyətdə yaranan qəzəb və qətiyyət insanların yaddaşında dərin iz buraxdı. Həmin dövrdə ordumuzun əsas şüarı irəli getmək, torpaqlarımızı azad etmək və qələbəyə nail olmaq idi.

Cəmi bir neçə gün sonra, 8 noyabr 2020-ci ildə Şuşa şəhərinin azad edilməsi Azərbaycan xalqının tarixi Zəfərinin ən mühüm mərhələlərindən birinə çevrildi.

Müharibə tarixində bu cür hadisələr bir daha göstərir ki, güclü ordu quruculuğu ilə yanaşı, xalqın birliyi, düzgün təşkilatlanması və ümumi məqsəd ətrafında səfərbər olunması da həlledici əhəmiyyət daşıyır. Cəmiyyət dini, etnik, sosial və digər fərqlər üzərindən parçalanmadıqda, ümumi məqsəd naminə birləşdikdə böyük gücə çevrilə bilir.

Hesab edirəm ki, Bərdəyə və Gəncəyə endirilən zərbələr nəticəsində həyatını itirən 92-dən çox mülki vətəndaşımız da bu müharibənin faciəli qurbanlarıdır. Onlar torpaqlarımızın azadlığı uğrunda aparılan mübarizənin ağır nəticələrini öz həyatları bahasına yaşadılar. Onların xatirəsi xalqımızın yaddaşında daim yaşayacaq.

Bu gün də həmin tarixi hadisələri xatırlayırıq. Çünki Zəfərə aparan yol yalnız cəbhədə qazanılan uğurlardan deyil, həm də arxa cəbhədə göstərilən dözümdən, xalqın birliyindən və mülki əhalinin nümayiş etdirdiyi iradədən keçib.

Bərdə sakinləri yaşadıqları itkiləri unutmur, şəhidlərimizin xatirəsini ehtiramla yad edirlər. Onlar ölkəmizin gələcəyi, dövlətimizin möhkəmliyi və regionda davamlı sülhün bərqərar olması məsələlərinə xüsusi əhəmiyyət verirlər.

Beləliklə, Vətən müharibəsinin həmin günləri Azərbaycan xalqının birliyini, ordumuzun döyüş əzmini və mülki əhalimizin iradəsini nümayiş etdirən tarixi mərhələlərdən biri kimi yadda qalıb. Bərdənin və Gəncənin yaşadığı faciələr, eyni zamanda, Zəfərə gedən yolda xalqımızın üzləşdiyi sınaqların nə qədər ağır olduğunu göstərir".

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə