Qarabağ suvarma kanalının suötürmə qabiliyyəti artırılacaq

Qarabağ suvarma kanalının suötürmə qabiliyyəti artırılacaq

Azərbaycanda suvarma infrastrukturunun inkişafı və su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi məqsədilə Qarabağ suvarma kanalının tikintisi istiqamətində hazırlıq işləri aparılır. Layihənin həyata keçirilməsi suvarılan ərazilərin genişləndirilməsinə və kənd təsərrüfatının su təminatının yaxşılaşdırılmasına imkan yaradacaq.

SİA xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəsmisi Akif Quliyev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Mingəçevir su anbarından su götürən Qarabağ suvarma kanalının layihə və ekspertiza sənədləri hazırlanıb. Növbəti mərhələdə kanalın tikintisinə başlanılması nəzərdə tutulur.

Layihəyə əsasən, Qarabağ suvarma kanalının suötürmə qabiliyyətinin saniyədə 103 kubmetrdən 135 kubmetrə çatdırılması planlaşdırılır. Eyni zamanda, kanalın xidmət etdiyi suvarılan ərazilərin sahəsinin 115 min hektardan 166 min hektara qədər artırılması nəzərdə tutulur.

Qarabağ suvarma kanalının yenidən qurulması və inkişafı suvarma sisteminin imkanlarını genişləndirməklə yanaşı, kənd təsərrüfatı istehsalının artırılmasına, su resurslarının daha səmərəli idarə edilməsinə və regionların iqtisadi inkişafına xidmət edəcək.

Şirvan və Qarabağ suvarma kanalları üzrə layihələrin həyata keçirilməsi ölkənin su təsərrüfatı infrastrukturunun gücləndirilməsi və kənd təsərrüfatının davamlı inkişafı baxımından əhəmiyyətlidir.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə