Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində panel sessiyaları keçirilib - FOTOLAR

Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində panel sessiyaları keçirilib - FOTOLAR

Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işini müxtəlif panel sessiyaları ilə davam etdirir.

SİA xəbər verir ki, 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə başlanmış “Bakı Prosesi”nin davamı olan forumun açılış mərasimində dövlət başçısı çıxış edib. Tədbirdə dünyanın müxtəlif ölkələrindən rəsmi nümayəndələr, din xadimləri, beynəlxalq təşkilatların təmsilçiləri və media nümayəndələri iştirak edirlər.

“Ortaq gələcək naminə dialoq: parçalanmış dünyada körpülər qurmaq” devizi altında keçirilən forum hökumətlər, qeyri-hökumət təşkilatları, dini liderlər və digər tərəfdaşlar arasında dialoqun inkişafına, müxtəlif cəmiyyətlərin dəyərlərinin yaxınlaşdırılmasına və qlobal problemlərin həlli yollarının müzakirəsinə xidmət edir.

Forum çərçivəsində “Biznes dialoqu”, “Mədəniyyətlərarası rəqəmsal gələcək: Rəqəmsallaşma və süni intellekt dövrünə qədəm qoyan cəmiyyətlər üçün mədəniyyətlərarası rəqəmsal səriştə”, “Mədəniyyət mərkəzdə: SECURE ilə ortaq gələcəyə etibarlı yollar” və “Ortaq gələcək üçün turizm: inklüzivlik, bərabərlik və icmaların liderliyi sülhün qurulmasına necə töhfə verir” və digər mövzularda panel sessiyaları təşkil olunub.

“Biznes dialoqu” adlı panel sessiyasında müxtəlif ölkə və sahələrdən olan sahibkarlar, ekosistem liderləri, siyasət müəyyən edənlər və digər maraqlı tərəflər arasında dialoq və əməkdaşlıq imkanları müzakirə edilib. Sessiyada BMT-nin Ticarət və İnkişaf Konfransının (UNCTAD) Xidmətlərin Ticarətinin İnkişafı Bölməsinin rəhbəri Dong Wu, Kino Agentliyinin baş direktoru Rəşad Həsənov, “Alem Entertainment GP” şirkətinin təsisçisi və baş icraçı direktoru Yernur Rysmagambetov və digər iştirakçılar çıxış ediblər.

“Mədəniyyətlərarası rəqəmsal gələcək” mövzusunda keçirilən panel sessiyasında süni intellektin inkişafı, rəqəmsal transformasiyanın cəmiyyətə təsiri, mədəni müxtəlifliyin qorunması, rəqəmsal bərabərsizliyin aradan qaldırılması və texnologiyaların etik tətbiqi ətrafında fikir mübadiləsi aparılıb.

Müzakirələrdə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov, UNESCO-nun Stellenboş Universitetində Mədəniyyətlərarası Kompetensiya üzrə kafedrasının rəhbəri Darla Deardorff, “Constellations” təşkilatının təsisçisi və prezidenti Şarlott Kotrua, Azərbaycan Milli Süni İntellekt Mərkəzinin kommersiya işləri üzrə direktoru Ülfan Əliyev və UNESCO-nun Sosial Transformasiyaların İdarəolunması və Gələcəklər Bölməsinin rəhbəri Irakli Pedelli çıxış ediblər.

Sessiyanın sonunda rəqəmsal transformasiyanın insan mərkəzli yanaşma əsasında həyata keçirilməsinin, texnologiyaların bütün cəmiyyət üzvləri üçün əlçatanlığının təmin olunmasının və beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb.

Forum çərçivəsində “Ortaq gələcək üçün turizm: inklüzivlik, bərabərlik və icmaların liderliyi sülhün qurulmasına necə töhfə verir” mövzusunda da panel sessiyası keçirilib.

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev çıxışında turizmdə iqlim fəaliyyətinin gücləndirilməsinə dair Bakı Bəyannaməsinin əhəmiyyətinə toxunub. O bildirib ki, sənəd emissiyaların azaldılması və iqlim dəyişikliyinə uyğunlaşma məqsədləri ətrafında dövlətləri və qeyri-dövlət aktorlarını bir araya gətirir.

Fuad Nağıyev xatırladıb ki, Azərbaycanın ev sahibliyi etdiyi COP29 çərçivəsində Dövlət Turizm Agentliyi, BMT Turizm Təşkilatı və COP29 sədrliyinin birgə təşkilatçılığı ilə Turizm Günü keçirilib. BMT-nin iqlim konfransı çərçivəsində ilk dəfə təşkil olunan bu tədbir turizmin iqlim dəyişikliyi ilə mübarizədəki roluna diqqəti artırıb.

Dövlət Turizm Agentliyinin Mədəni irs şöbəsinin Mədəni irsin inkişafı bölməsinin müdiri Leyla Musayeva isə Xınalıqda turizmin inkişafının yerli qadınların sənətkarlıq və digər turizm fəaliyyətlərində iştirak imkanlarını genişləndirdiyini bildirib.

O qeyd edib ki, Xınalıq 2007-ci ildə Prezidentin sərəncamı ilə dövlət qoruğu elan olunub. 2021–2024-cü illərdə kənddə aparılan bərpa və konservasiya işləri, eləcə də ərazinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi mədəni irsin qorunmasına töhfə verib. Leyla Musayeva yerli ənənələrin və dilin yaşadılmasının, gənc nəslin mədəni irsə bağlılığının gücləndirilməsinin vacibliyini vurğulayıb.

“Gazelle Safari Company” və “Gazelle Hospitality” şirkətlərinin, eləcə də “Women in Hospitality Uganda” təşkilatının təsisçisi Enn Kalembe Uqandada turizmin iqtisadi inkişafın əsas istiqamətlərindən biri kimi müəyyənləşdirildiyini bildirib.

Onun sözlərinə görə, Uqanda 2040-cı ilədək iqtisadiyyatını 10 dəfə böyütməyi, kənd təsərrüfatı, turizm, mineral ehtiyatlar, elm və texnologiya daxil olmaqla, beş prioritet sahəni inkişaf etdirməyi planlaşdırır. Enn Kalembe turizm sektorunda təxminən 1 milyon iş yerinin yaradıldığını da diqqətə çatdırıb.

Qeyd edək ki, VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu müxtəlif mövzuları əhatə edən panel sessiyaları ilə davam edir.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə