Şirvan suvarma kanalının yenidən qurulması və genişləndirilməsi istiqamətində tikinti işləri mərhələli şəkildə davam etdirilir. Layihə su ehtiyatlarından səmərəli istifadə, su itkilərinin azaldılması və suvarılan torpaq sahələrinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
SİA xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəsmisi Akif Quliyev jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Mingəçevir su anbarından başlayan mövcud Şirvan suvarma kanalının uzunluğu 123 kilometr, suötürmə qabiliyyəti saniyədə 78 kubmetr, suvarılan sahəsi isə 112 min hektardır. 65 ildən artıq istismar olunan kanalın yenidən qurulması suvarma infrastrukturunun müasirləşdirilməsinə və kənd təsərrüfatının su təminatının yaxşılaşdırılmasına xidmət edir.
Layihəyə əsasən, kanalın uzunluğunun 123 kilometrdən 204 kilometrə çatdırılması, mövcud suvarılan ərazilərə əlavə olaraq təxminən 100 min hektar torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsi nəzərdə tutulur. Bununla yanaşı, ətraf yaşayış məntəqələrinin məişət suyu ilə təminatının yaxşılaşdırılması da layihənin əsas hədəflərindəndir.
Tikinti işləri dörd mərhələdə həyata keçirilir. Birinci mərhələ üzrə, baş qurğu da daxil olmaqla, işlərin 83 faizi, ikinci mərhələ üzrə 56 faizi, üçüncü mərhələ üzrə 44 faizi, dördüncü mərhələ üzrə isə 60 faizi tamamlanıb. Kanalın 113 kilometrlik hissəsində betonlama işləri aparılıb, 30–34-cü kilometrlər aralığında isə torpaq qazıntısı və torpağın yayılması işləri həyata keçirilib.
Layihənin icrası suvarma imkanlarının genişləndirilməsinə, torpaqların məhsuldarlığının artırılmasına və ölkənin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə töhfə verəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB