Azərbaycan və Somali media sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib

Azərbaycan və Somali media sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib

Media və Yayım Şurasında Somalinin informasiya, mədəniyyət və turizm naziri Abdulfatah Kasim Mohamud ilə ikitərəfli görüşdə Azərbaycan və Somalinin media sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.

SİA xəbər verir ki, Media və Yayım Şurasının sədri Əhməd İsmayılov Azərbaycan ilə Somali arasında media və kommunikasiya sahəsində əməkdaşlıq imkanlarının qiymətləndirilməsinin, informasiya mübadiləsinin genişləndirilməsinin, media sahəsində təcrübə mübadiləsinin aparılmasının və qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

O bildirib ki, xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsində, ölkələrarası əlaqələrin təşviqində və ictimaiyyətin obyektiv məlumatlandırılmasında medianın rolu mühüm əhəmiyyət daşıyır.

Somalinin informasiya, mədəniyyət və turizm naziri Abdulfatah Kasim Mohamud isə Azərbaycanla tərəfdaşlığın genişləndirilməsində maraqlı olduqlarını ifadə edərək, media və kommunikasiya sahəsində birgə təşəbbüslərin həyata keçirilməsi, peşəkar əlaqələrin möhkəmləndirilməsi və müasir informasiya mühitinin çağırışlarına uyğun fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi üçün əlverişli şəraitin olduğunu diqqətə çatdırıb.

Görüş zamanı rəqəmsallaşma şəraitində medianın inkişaf tendensiyaları, dezinformasiyaya qarşı mübarizə, informasiya təhlükəsizliyinin təmin olunması, süni intellektin və yeni texnologiyaların media mühitinə təsiri, eləcə də bu sahələrdə mümkün əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə