"Azərbaycanın iqtisadi gələcəyi enerji gəlirlərinin səmərəli istifadəsindən asılıdır" - İQTİSADÇI DANIŞDI

"Azərbaycanın iqtisadi gələcəyi enerji gəlirlərinin səmərəli istifadəsindən asılıdır" - İQTİSADÇI DANIŞDI

"Müasir dövrdə müharibələr yalnız hərbi və siyasi hadisə deyil, həm də qlobal iqtisadiyyata təsir edən mühüm amildir. Münaqişələr enerji bazarlarında qiymət dəyişikliklərinə, beynəlxalq ticarət marşrutlarının pozulmasına, inflyasiyanın yüksəlməsinə və investisiya fəallığının azalmasına səbəb olur".

Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Samir Heydərov deyib.

Samir Heydərov sözlərinə belə davam edib:

"Beynəlxalq Valyuta Fondunun 2026-cı ilin oktyabr proqnozuna əsasən, dünya iqtisadiyyatının artım tempinin 2026-cı ildə 3,1 faiz olacağı, qlobal inflyasiyanın isə 4,7 faizə yüksələcəyi gözlənilir. Bu göstəricilər geosiyasi risklərin dünya iqtisadiyyatı üçün nə qədər əhəmiyyətli olduğunu nümayiş etdirir

Azərbaycanın iqtisadiyyatı qlobal proseslərə əsasən iki istiqamətdə reaksiya verir. Bir tərəfdən, neft və qaz qiymətlərinin yüksəlməsi ixrac gəlirlərini və dövlətin maliyyə imkanlarını artıra bilər. Digər tərəfdən, enerji, ərzaq və logistika xərclərinin artması idxal inflyasiyasını gücləndirir. Beynəlxalq Valyuta Fondunun 2026-cı il üzrə qiymətləndirməsində Azərbaycanın iqtisadi artımının təxminən 2,1 faiz, ilin sonuna inflyasiyanın isə 5.8 faiz səviyyəsində olacağı proqnozlaşdırılıb. Bu, enerji ixracından əldə edilən əlavə gəlirlərin iqtisadiyyat üçün müəyyən üstünlüklər yaratmasına baxmayaraq, risklərin də mövcud olduğunu göstərir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ildə Azərbaycanın ümumi daxili məhsulu 129,1 milyard manat təşkil edib, real iqtisadi artım 1,4 faiz olub. Qeyri-neft-qaz sektorunda artım 2,7 faiz təşkil edib, istehlak qiymətləri isə əvvəlki illə müqayisədə 5,6 faiz yüksəlib. 2026-cı ilin yanvar-sentyabr aylarında ÜDM real ifadədə 1,5 faiz, qeyri-neft-qaz iqtisadiyyatı isə 2,6 faiz artıb. Bu rəqəmlər qeyri-neft sektorunun iqtisadi inkişafda rolunun artmasının vacibliyini göstərir.

İlk növbədə, Azərbaycanın tranzit və logistika imkanları ön plana çıxır. Beynəlxalq ticarət marşrutlarında risklər artdıqca, alternativ dəhlizlərin əhəmiyyəti yüksəlir. Azərbaycan Orta Dəhlizin inkişafı, Şərq-Qərb ticarət əlaqələrinin genişləndirilməsi, enerji təchizatının şaxələndirilməsi və qeyri-neft ixracının artırılması istiqamətində əlavə imkanlar əldə edə bilər.

Müharibələr dünya iqtisadiyyatında həm risklər, həm də yeni imkanlar yaradır. Azərbaycanın əsas məqsədi bu imkanlardan səmərəli istifadə etmək, xarici şoklara davamlılığı artırmaq və enerji gəlirlərini dayanıqlı iqtisadi inkişafa çevirməkdir".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə