“Dini mərkəzlər arasında əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edir” - Allahşükür Paşazadə

“Dini mərkəzlər arasında əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edir” - Allahşükür Paşazadə

Dini mərkəzlər arasında əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edir. Vatikanla qarşılıqlı əlaqələr və Papa XIV Leo ilə bu il keçirilən görüş bu əməkdaşlığın tarixində xüsusi əhəmiyyət daşıyır.

SİA xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində təşkil olunan “Dinlərin dialoqu: Ortaq gələcəyə yol xəritəsi” panel sessiyasında deyib.

O bildirib ki, dini mərkəzlər arasında əməkdaşlıq davamlı şəkildə inkişaf edir: “Vatikanla birgə Romada keçirdiyimiz iftar qardaşlıq süfrəsi artıq ənənəvi xarakter alıb. Mütəmadi iştirak etdiyimiz qlobal platformalarda – Böyük İyirmilik (G20) Sammitləri ərəfəsində keçirilən dinlərarası forumlarda, Dünya və Ənənəvi Dinlərin Liderlərinin Astana Qurultaylarında, “Dinlər Sülh Uğrunda” təşkilatının illik toplantılarında və digər mötəbər forumlarda mədəniyyətlərarası dialoqun ayrılmaz tərkib hissəsi olan dinlərarası dialoq və əməkdaşlığa öz töhfəmizi veririk”.

Şeyxülislam qeyd edib ki, dinlərarası dialoq və məzhəblərarası anlaşma məkanı kimi tanınan Azərbaycanın unikal təcrübəsi beynəlxalq səviyyədə nümunə kimi qəbul edilir.

O vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərdə məscidlərlə yanaşı, pravoslav və erməni kilsələri, eləcə də alban məbədləri bərpa olunur. Bu, Azərbaycan xalqının milli-mənəvi dəyərlərə qayğısının, multikultural dini irsə milli sərvət kimi yanaşmasının və onu qoruyub yaşatmağa yönəlmiş tolerant dövlət siyasətinin təzahürüdür.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə