“Dini müxtəliflik güc və qarşılıqlı zənginləşmə mənbəyi olmalıdır” - Nazir

“Dini müxtəliflik güc və qarşılıqlı zənginləşmə mənbəyi olmalıdır” - Nazir

Müasir dünyada dini dözümsüzlük, ayrı-seçkilik, nifrət nitqi və silahlı münaqişələr fonunda dinlər və mədəniyyətlər arasında dialoqun inkişafı xüsusi əhəmiyyət daşıyır. Qarşılıqlı anlaşma və hörmət etimadın möhkəmləndirilməsi, gərginliyin azaldılması və sülh şəraitində birgəyaşayışın təşviqi üçün vacibdir.

SİA xəbər verir ki, bunu Pakistan İslam Respublikasının Dini İşlər və Dinlərarası Harmoniya üzrə federal naziri Sərdar Məhəmməd Yusif Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Dinlərin dialoqu: Ortaq gələcəyə yol xəritəsi” panel sessiyasında deyib.

O bildirib ki, müqəddəs Qurani-Kərim insan müxtəlifliyinə hörmətlə yanaşmağı öyrədir. Nazir vurğulayıb ki, insanlar arasındakı fərqlər onları bir-birindən uzaqlaşdırmamalı, əksinə, qarşılıqlı anlaşma və hörmətə yaxınlaşdırmalıdır. Onun sözlərinə görə, mərhəmət prinsipi insan ləyaqətinin qorunmasına, cəmiyyətdə xeyirxahlıq və ədalətin təşviqinə çağırır.

Sərdar Məhəmməd Yusif qeyd edib ki, Pakistan hökuməti dini tolerantlığın təşviqinə, dini azlıqların hüquqlarının qorunmasına və müxtəlif icmalar arasında dinc münasibətlərin inkişafına sadiqdir. O, dini liderlərin sülhün təşviqində, qərəzli münasibətlərə və ekstremizmə qarşı mübarizədə mühüm rol oynadığını bildirib.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə