“Dini birgəyaşayış Azərbaycanın tarixi nailiyyətidir” - Gündüz İsmayılov

“Dini birgəyaşayış Azərbaycanın tarixi nailiyyətidir” - Gündüz İsmayılov

Azərbaycanda müxtəlif dini icmaların və məzhəblərin birgəyaşayış ənənələri dinlərarası dialoqun və qarşılıqlı anlaşmanın mühüm nümunələrindən biridir.

SİA xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Azərbaycan İslam dünyasında məzhəblərarası münasibətlər baxımından özünəməxsus təcrübəyə malik ölkələrdəndir. Müxtəlif məzhəblərə mənsub müsəlmanların eyni məsciddə, eyni imamın arxasında ibadət etməsi “vəhdət namazı” ənənəsində öz əksini tapır. Bu təcrübə məzhəblərarası anlaşmanın nümunələrindən biri kimi çıxış edir.

G.İsmayılov qeyd edib ki, Bakıda müxtəlif dinlərə aid ibadət yerlərinin bir-birinə yaxın ərazidə yerləşməsi də dini birgəyaşayışın tarixi ənənələrini nümayiş etdirir. Paytaxtda Avropa yəhudilərinin və dağ yəhudilərinin sinaqoqları, Arxangel Mixail kilsəsi və Təzə Pir məscidi müxtəlif dini icmaların bir arada mövcudluğunun nümunələridir.

Komitə sədrinin müavini vurğulayıb ki, bu ənənələr Azərbaycanın tarixi nailiyyətidir və onların qorunub saxlanılması dövlət siyasətinin mühüm istiqamətlərindəndir.

Onun sözlərinə görə, Azərbaycanın siyasi və iqtisadi potensialı ilə yanaşı, tarixi, dini və mənəvi zənginliyi də ölkənin beynəlxalq dinlərarası və mədəniyyətlərarası dialoq prosesində aparıcı mövqeyini gücləndirir.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə